Benzia “Qarabağ”dakı çıxışı haqda “Sportinfo”ya danışdı: “Bunlar da düzələcək”

12 Avqust 2023 17:00 Müsahibə 4 135
Benzia “Qarabağ”dakı çıxışı haqda “Sportinfo”ya danışdı: “Bunlar da düzələcək”

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Sportinfo.az-a müsahibə verib.

Fransalı legioner Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK üzərində\ 2:1 hesabı ilə qələbə qazandıqları oyun və özü ilə bağlı sualları cavablandırıb.

- Oyundan əvvəl bu hesabla qələbə qazanacağınızı gözləyirdin? Yoxsa hesab arasındakı fərqin daha böyük olacağını təxmin edirdin?

- Hansısa oyuna “2:0, 3:0 qalib gələcəyik” düşüncəsi ilə yanaşmırıq. Güclü, hazırlıqlı, öz ölkəsinin çempionu olmuş komandaya qarşı oynayırdıq. Söhbət avrokubok matçından gedirsə, burada zəif rəqib haqda düşünmək olmaz. Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail olduq.

- Razılaş ki, “Qarabağ” daha çox qol vura bilərdi.

- Başa düşürəm. İnanın, biz də cavab görüşü öncəsi hesab üstünlüyü qazanmaq istəyirdik. Amma bu, futboldur. Heç də hər zaman istədiyin olmur. Bəzən əlinə düşən 10 şansdan 1-ni dəyərləndirirsən, bəzən 2 imkan olur, 2-sini də vurursan. Bu, ilk matç idi. Mübarizə davam edir, qarşıda bizi cavab oyunu gözləyir.

- “Qarabağ”da mütəmadi şans qazanmağa başlamısan. Öz çıxışını necə qiymətləndirirsən?

- Ötən mövsümün ikinci yarısında zədəyə görə mütəmadi oynaya bilmədim. Yay toplanışında komanda ilə birlikdə hazırlıq keçdim və hər ötən gün özümü daha rahat hiss edirəm. Nəyə qadir olduğumu bilirəm. Baş məşqçi mənə güvənməkdə davam etdikcə, daha yaxşısını edəcəyimi bilirəm. Özümü tam istədiyim kimi göstərmək üçün bir az zamana ehtiyacım var. Baş məşqçimiz bunu bilir deyə, mütəmadi şans verir. Mən də ümidləri doğrultmağa çalışıram.

- Kənardan tam hazır olmadığın görünür. Sanki komanda yoldaşlarınla anlaşma problemi yaşayırsan.

- Bunlar həll olunması mümkün çətinliklərdir. Oynadıqca düzələcək. Təcrübəmdən istifadə etməklə komandaya ən qısa zamanda uyğunlaşmağa çalışıram. Qurban Qurbanov da güclü psixoloqdur, rahat olmağım üçün əlindən gələn hər şeyi edir.

- Respublika stadionunda azarkeşlərin yaratdığı ab-hava xoşuna gəldi?

- Azarkeşlərimiz möhtəşəm idi. Əla atmosfer yaratmışdılar. Doğma meydanda bu cür dəstək altında oynamaq adama zövq verir. Stadiona gəlib, bizə dəstək verdikləri üçün hər birinə təşəkkür edirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti