Bu gün "Sabah" Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Azərbaycan çempionu "Bank Respublika Arena"da "Orhus"u qəbul edəcək.
"Orhus" Bakıya yalnız 2:1 hesabını qorumağa gəlməyib. Böyük ehtimalla, ilk mərhələdə pressinq göstərərək “Sabah”ın sürətli başlanğıcını pozmağa çalışacaqlar.
Amma oyun uzandıqca, strukturun 5-2-3 və ya 5-4-1 formasına düşməsi mümkündür.
Onların ən təhlükəli silahı keçid hücumlarıdır. “Sabah”ın hər iki cinah müdafiəçisi eyni anda yüksək mövqe tutarsa, top itkisi zamanı Bogere, Tobias Beç və Arnstad böyük boşluqlar əldə edə bilərlər.
Xüsusilə James Bogere qarşısında diqqətli olmaq lazımdır.
İlk oyunda iki qol vurması ilə yanaşı, o, topu saxlamaq, mərkəz müdafiəçilərini öz üzərinə çəkmək və ikinci dalğadan gələn oyunçular üçün zona yaratmaq baxımından da təhlükəlidir.
Burada Dambrauskas üçün əsas məsələ yalnız Bogereni “bağlamaq” deyil. Onun arxasında yaranan ikinci top zonası bağlanmalıdır.
Lepinitsa və Raxmonaliyev cərimə meydançasının qarşısındakı 18–25 metrlik zonanı nəzarətdə saxlamalıdırlar.
“Sabah” topu itirəndə ən böyük təhlükə - cavab matçının ən vacib taktiki detalı məhz budur.
“Sabah” hücum edərkən çoxlu sayda futbolçu rəqib meydanında yerləşərsə, top itkisi zamanı "Orhus" 3v3 və ya 3v2 situasiyalarına çıxa bilər. Buna görə hücum zamanı arxada minimum 3+2 strukturu saxlanmalıdır.
Top itirildikdən sonra ilk 5–6 saniyəlik preesinq çox vacib olacaq. Topu dərhal geri qaytarmaq mümkün deyilsə, komanda strukturunu bərpa etməli və "Orhus"a vertikal ötürmə imkanı verməməlidir.
SPORTİNFOAZ
