Günün əsas sualı birdir - "Sabah" "Orhus" səddini aşa biləcəkmi?
Səfərdə Danimarka çempionuna 1:2 məğlub olan "Bayquşlar" bu dəfə doğma divarlar arasında rəqibini qəbul edəcək.
İlk başdan deyək ki, pley-off şansları kifayət qədər yüksəkdir.
Bu əminliyi Valdas Dambrauskasın yetirmələri 1 həftə əvvəl Orhusda ortaya qoyduğu futbolla yaradıb.
Bu dəfə azarkeş amili də bizim tərəfimizdə olacaq.
Litvalı mütəxəssis minimal fərqi qapamaq üçün meydanda nələri dəyişməlidir?
Birmənalı şəkildə ciddi heç nəyi.
Masazırlılar səfərdə görüşə necə başlamışdısa, evdə də eyni tərzdə başlamalı, davam etməlidir.
Xüsusilə 0:2-dən sonrakı enerji, özügüvən qaldığı yerdən davam etməlidir.
Yeganə düzəlməsi məsələ çoxsaylı qol imkanlarını qola çevirmək faizini artırmaq tələbidir.
"Orhus" nə TNS-di, nə də "KuPS".
"Sabah" arxada qoyduğu 5 görüşdə də qol imkanlarını sağa-sola xərcləməklə yadda qalıb.
Uels və Finlandiya çempionlarını bu boşluqlarla da hər iki matçda məğlub etmək mümkün oldu.
Amma Danimarka çempionu ilk görüşdəcə "Sabah"ı bağışlamadı.
Əlinə 2 real qol imkanı düşmədiyi halda 2 qol vurmağı bacardı.
Qarşılaşmanı qələbə ilə bitirdi.
Bu dəfə son şansdır.
Eyni səhv təkrarlansa, mərhələ əldən çıxa bilər.
Bir sözlə, hər şey "Sabah"ın öz əlindədir.
Qalır onu maksimum dəyərləndirmək.
XANOĞLAN/ SPORTİNFO.AZ
