"Şəfa"nın yeni transferi Andrey Fernando Draqu Sportinfo.az-a müsahibə verib.
Rumıniyalı sol cinah müdafiəçisi "İmişli" ilə sınaq matçında (2:2) sonra bizimlə söhbətində davam edən təlim-məşq toplanışı, ölkəmizə gəlişi və gələcək planlarından danışıb.
- Toplanış necə keçir?
- Hazırda hər şey qaydasındadır. Normal olaraq komandanın formalaşma mərhələsidir. Hələ də adaptasiya prosesindəyəm, amma bu, çox çəkməyəcək.
- İlk yoxlama görüşü barədə nələr deyə bilərsən?
- Bizim üçün yaxşı ilk yoxlama görüşü oldu. Nəticə o qədər də önəmli deyildi. Əsas diqqətimizi oyun praktikası qazanmağa, fiziki formamızı yaxşılaşdırmağa və məşqlərdə öyrəndiklərimizi meydanda tətbiq etməyə yönəltmişdik.
- "Şəfa"ya transferin necə baş tutdu?
- Transfer olduqca tez baş tutdu. Agentlərimlə danışdım və onlar mənə klubun layihəsini təqdim etdilər. Karyeramın bu mərhələsində bunun mənim üçün ən doğru seçim olduğunu hiss etdim.
- İlk dəfə legioner həyatı yaşayacaqsan. Bu günə qədər ölkə xaricindən təklifin olmayıb, yoxsa getməkdə maraqlı olmamısan?
- Daha əvvəl də təkliflərim olmuşdu, lakin getmək istəməmişdim. Bu dəfə isə ayrılmaq üçün doğru zaman olduğunu hiss etdim.
- Bura gələnə qədər Azərbaycan futbolu ilə bağlı nələr bilirdin?
- Bəzi rumıniyalı futbolçuların burada çıxış etdiyini və Azərbaycan klublarının avrokuboklarda mübarizə apardığını bilirdim.
- Azərbaycanda çıxış etmiş həmyerlilərindən dostluq etdiyin kimsə var?
- Bəli, dostlarımdan biri Andrey Tırkoveanudur "Şamaxı"nın sabiq yarımmüdafiəçisi). Bura gəlməzdən əvvəl zəng etdiyim ilk insan o oldu və mənə yalnız müsbət şeylər danışdı.
XANOĞLAN İMANOV

