"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi "Orhus"la cavab matçına çıxacaq.
Frederik Tinqaqerin olmaması "Orhus" üçün önəmli itkidir.
O, üçlü müdafiə xəttinin həm hava toplarında, həm də təşkilati baxımdan əsas oyunçularından biridir.
Bu səbəbdən Mikels yalnız mərkəzdə dayanıb top gözləməməlidir.
O, daim sağa-sola hərəkət edərək mərkəz müdafiəçilərini zonalarından çıxarmalıdır. Bu hərəkətlərdən sonra Simiç, İsayev və Puxaç üçün boşluqlar yaranacaq.
Valdas Dambrauskasın xüsusilə diqqət etməli olduğu 7 məqam:
1. İlk 20 dəqiqədə qol vurmaq üçün strukturu dağıtmamaq.
2. "Orhus"un cinah müdafiəçilərinin arxasındakı boşluqlardan istifadə etmək.
3. Bogereyə cərimə meydançası qarşısında sərbəst zərbə imkanı verməmək.
4. Top itkisindən dərhal sonra pressinq etmək.
5. Hər iki cinah müdafiəçisini eyni anda həddindən artıq irəli çıxarmamaq.
6. "Orhus"un fiziki üstünlüyünə görə oyunu yalnız hava toplarına və asmalara çevirməmək.
7. Əvəzetmələri dəqiqəyə görə deyil, oyunun vəziyyətinə görə etmək.
Oyunun mümkün ssenarisi: əgər “Sabah” ilk qolu vursa, ümumi hesab 2:2 olacaq və bütün psixoloji təzyiq "Orhus"un üzərinə keçəcək.
Danimarkalılar artıq sadəcə hesabı qorumaq yox, yenidən hücum etməyə məcbur olacaqlar. Bu isə “Sabah” üçün daha böyük boşluqlar yaradacaq.
Əksinə, "Orhus" ilk qolu vurarsa, vəziyyət xeyli çətinləşəcək. Buna görə “Sabah” üçün ilk qolun özü qədər ilk qolu buraxmamaq da vacibdir.
Hətta 55–60-cı dəqiqədə hesab 0:0 olsa belə, panikaya ehtiyac yoxdur. “Sabah”ın cəmi bir qola ehtiyacı olacaq. Ən böyük səhv həmin mərhələdə strukturu pozaraq oyunu süni şəkildə “açıq futbola” çevirmək olar.
İlk matç göstərdi ki, "Orhus" ilə “Sabah” arasında oyunun keyfiyyəti baxımından böyük fərq yoxdur. Danimarkalıların əsas üstünlüyü hazırda yalnız 2:1 hesabıdır.
“Sabah” üçün formula belədir: daha çox hücum etmək yox, daha düzgün hücum etmək; "Orhus"un keçidlərini bağlamaq, onların beşli müdafiə xəttini meydanın eni boyunca hərəkət etdirmək və yaranan yarımzonalara daxil olmaq.
Əgər “Sabah” ilk oyundakı son 20–25 dəqiqənin tempini daha uzun müddət saxlaya, eyni zamanda müdafiə balansını itirməyə bilərsə, bu cütlükdə mərhələ keçmək üçün real şansı var.
SPORTİNFO.AZ
