"Hətta "Qarabağ"da bu şərait yoxdur" - Yeni rəhbərlə MÜSAHİBƏ

12 İyul 22:55 Müsahibə 205
"Hətta "Qarabağ"da bu şərait yoxdur" - Yeni rəhbərlə MÜSAHİBƏ

"Sumqayıt" ötən mövsüm Premyer Liqada öz yetirmələrinə ən çox şans verən klublar sırasında oldu.

Elə bu fakt "kimyaçılar"ın öz akademiyasına nə qədər önəm verdiyini göstərir.

Təbii ki, əldə olunan müsbət nəticələrdə 7 il burada çalışmış Hakan Sünalın əməyi az deyildi.

Klub müqaviləsi başa çatan almaniyalı mütəxəssislə mövsümün sonu yolları ayırdı.

Artıq yeni dövr başlayır.

Bir neçə gün əvvəl Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasına direktor təyin olundu.

48 yaşlı mütəxəssisin uşaq futbolunda böyük təcrübəsi var.

"Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışmış Şükürov, həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.

Budəfəki həmsöhbətimiz olan Adil Şükürov Sportinfo.az-a müsahibəsində yeni təyinatı, gələcək planlarından danışıb.

- Yenidən uşaq futboluna qayıdışınız necə baş tutdu?

- Riad müəllimlə (Klubun prezidenti Riad Rəfiyev) ilkin danışıqda müsbət şeylər gördüm. Bu gün Premyer Liqada öz akademiyasının yetirmələrini ən çox oynadan ikinci klub "Sumqayıt"dır. Gələcək planlar barədə soruşanda da bildirdi ki, gələcək planlarımızda da akademiya xüsusi yer alacaq. Yerli futbolçulara önəm veriləcək. Özümün akademiya təcrübəm var. Bu iş maraqlı gəldiyinə görə burada olmağa qərar verdim.

- Yeni mövsümlə bağlı planlama necədir?

- Bəzi məşqçilərlə bir yerdə oynamışıq. Bəziləri ilə bir yerdə işləmişik. Bütün yaş qrupları üzrə təyinatlarımız olub. Hər şey qaydasındadır. Gələn həftədən bəzi yaş qruplar məşqlərə başlayacaq.

- Məşqçi komandasında yeni simalar görə biləcəyik?

- Məşqçiləri tanıyıram. Bəzilərinin işinə də bələdəm. Bəzi məşqçilər barədə ümumi məlumatlarım da var. Amma bir yerdə işləmədən qərar vermək istəmirəm. Nəyəsə görə qərar vermək istəmirəm. İstədim ki, bir yerdə işləyək, hər kəsi iş başında görüm. Ondan sonra hansısa qərar verilə bilər. Eyni komanda ilə yola davam edəcəyik. Yerdəyişmələr oldu, hamı da bunu anlayışla qarşıladı. Gələcəkdə dəyişiklik mümkündür. Hər iş də belədir. Sabah kimsə bizimlə çalışmaq istəməyə bilər və ya biz kimdənsə imtina edə bilərik. Təbii ki, ümimi işə ciddi zərbə dəyməmək şərtilə.

- Bəs futbolçularla bağlı ayrılıqlar gözlənilirmi, yoxsa məşqçilər kimi eyni mövqe sərgiləyəcəksiniz?

- Komandalar məşqlərə başlamadığı üçün ümumi potensial barədə çox şey deyə bilmirəm. Amma akademiyadan heç bir oyunçunun kənarlaşdırılmasını istəmədim. Hər bir futbolçunu yerində görmək istəyirəm. Məsələn, kimsə deyə bilər ki, kimsə zəifdir. Mən də həmin kimsənin zəif cəhətini yerində görmək istəyirəm. Bundan sonra yekun qərarlar olacaq.

- Bir sözlə, məşqçilərlə bağlı yanaşma futbolçulara da şamil olunacaq...

- Bəli. Bütün məşqlərdə iştirak edəcəyəm. Mənə çatan söz-söhbətlər bəzi problemlərin olmasından xəbər verir. Əgər varsa, onu aradan qaldırmaq üçün ən gözəli məşqlərdə olmaq, yerində görməkdir. Hansısa valideyn və ya kimsə kənardan deməsin ki, orada problem var. Mən özüm həmin problemi görüb, yerindəcə həll etməyə çalışacam.

- Akademiyanın infrastrukturu ilə bağlı ilkin təəssüratlarınız necədir?

- İnfrastruktur möhtəşəm, əladır. Bu gün çox klubda belə bir şey yoxdur. Hətta "Qarabağ"ın özündə belə bu cür infrastruktur yoxdur. Düşünürəm ki, yaxşı bir şeylər etmək olar.

- Bəs diqqətinizi çəkən nöqsanlar oldu?

- Riad müəllimlə bəzi şeyləri danışdıq. Sağ olsun müəyyən şeyləri gedişatda düzəltməyə çalışacaqlarını bildirdi. Təbii ki, klubun imkanları daxilində.

- Məsələn, akademiya komandalarının oyunlarını keçirdiyi meydanın örtüyü, işıqlandırma sistemi yenilənə bilər?

- Süni örtük və işıqlandırma ilə bağlı da danışığımız olub. Klub rəhbərliyi əlindən gələn dəstəyi göstərəcək.

- Özünüzlə akademiyaya gətirəcəyiniz hansı yeniliklər olacaq?

- Ən vacib olan özümün davamlı məşqlərdə olmağımdır. Eyni fikirlərlə davam edəcəyik. Ən kiçik yaş qruplarından əvəzedici komandaya qədər eyni sistem, eyni iş prinsipləri tətbiq olunacaq. Məqsədimiz aşağıdan yuxarı gələn uşaqlar əziyyət çəkməsin. Əsas komandanın da istəkləri, planları var. Bu barədə də danışıq olacaq. Bildiyim qədər onlar da bizimlə eyni düşünür. Prinsiplər eyni olacaq.

- Sizin üçün əsas prioritet nəticə olacaq, yoxsa əsas komandaya oyunçu vermək?

- İstənilən işdə göstəricilər olmalıdır. Davamlı olaraq məğlub olmaq yox, yuxarı yerlər üçün oynayan mübariz futbolçular istəyirik. Bunu da oyunçularda mental olaraq formalaşdırmalıyıq. Bunun üçün uşaqların özləri anlamalı, başa düşməlidir. Onda nədənsə danışa bilərik. Vacib olan nəticə yox, oyunçu yetişdirməkdir. Amma oyunçu yetişməsi üçün nəticə də lazımdır. Məğlubiyyətə öyrəşmiş birini əsas komandaya necə hazırlamaq olar? Bu insan qələbənin nə olduğunu bilmir. Paralel olmalıdır.

- Əsas komandaya əcnəbi baş məşqçi Filipe Kandido gətirildi. Portuqaliyalı mütəxəssislə görüşmək imkanı olub?

- Bəli, ilkin tanışlıq olub. Amma geniş fikir mübadiləsi aparılmayıb. Əsas komandanın da hazırda işi çoxdur. Mane olmaq olmaz. Lakin lazım olduqca müzakirələr aparılacaq. Hər cür köməyi göstərməyə hazırıq. Klub rəhbərliyi ilk gündən bildirib ki, hədəfimiz əsas komandada yetirmələrimizə maksimum şans verməkdir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 20:00 Çək və bizə göndər!