UEFA Azərbaycan çempionunu tanış “makler”ə tapşırdı

UEFA Azərbaycan çempionunu tanış “makler”ə tapşırdı

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" matçının hakimləri məlumdur.

Qarşılaşma fransalı hakimlərə həvalə olunub.

Oyun Villi Delajoya tapşırılıb. Yan xətlərdə ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Erik Vattellier yerinə yetirəcək.

33 yaşı olan referi hakimliyə 13 yaşında başlayıb. Elə buna görə də 23 yaşında Liqa-2-nin, 26 yaşında isə Liqa-1-in oyunlarına təyinat alıb. 28 yaşında beynəlxalq dərəcəli hakim statusuna yiyələnərək 2020-ci ilin payızında avrokuboklarda debüt edib.

Villi hakimlik etməklə yanaşı, həm də daşınmaz əmlak üzrə mütəxəssis kimi (el dilində “makler” - H.) fəaliyyət göstərir.

Delajo Azərbaycan futbol azarkeşlərinə və klublarına kifayət qədər tanış simadır. O, indiyə qədər “Neftçi”ylə “Qarabağ”ın 3 oyununda baş hakim, bir dəfə isə VAR hakimi kimi çalışıb.

2021-ci ildə Bakıda “Neftçi”ylə “Makkabi” (Hayfa) arasındakı qarşılaşmanı məhz fransız idarə edib ki, oyun 3:3 hesabı ilə başa çatıb.

2 il sonra, 2023-cü ilin avqustunda “Qarabağ”ın Finlandiyadakı görüşündə fit çalıb. “Köhlən atlar”ın səfərdə HİK üzərində qazandığı 2:1 hesablı qələbənin canlı şahidi olub.

2024-cü ildə ağdamlılarla yolu bu dəfə Londonda kəsişib – “Tottenhem” – “Qarabağ” matçında. İngiltərə təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı fransız referi idarə edib.

2022-ci ildə Almaniyada reallaşan “Frayburq” – “Qarabağ” görüşündə Villi VAR hakimi olub. Almanlar 2:1 hesabı ilə qalib gəlib.

Bir sözlə, fransalı ədalət təmsilçiləri Azərbaycan klublarına tanış simadır. Onun idarəçiliyi ilə bizimkilər 1 oyunda qalib gəlib, 1 dəfə heç-heçə edib, 1 matçda uduzub.

"Sabah" - "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək.

İlk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti