Bəribaşdan deyim ki, Nəriman Axundzadə ilə heç bir yaxınlığım yoxdur.
Az qala uşağım yaşdadır. Nə qohumuq, nə tanış, nə də qonşu. Əksinə, bəzən həmkarlarıma acığım tutur ki, müsahibə vermək istəməyən adama hər dəfə niyə diktofon-mikrofon uzadırsız?
Danışmaq istəmir, danışmasın. Özü bilər. Yalvaran deyilik ki.
Ancaq bu gəncə sözün əsl mənasında yazığım gəlir.
Nərimanın ən böyük bədbəxtliyi Azərbaycanda doğulmasıdır. Yəqin ki, özü də bəzən bu barədə düşünüb.
Sizi inandırım, ayaqlarında daşıdığı istedadla Niderlandda, yaxud Serbiyada dünyaya göz açsaydı, Allah bilir, indi hansı top-komandada futbol oynayırdı.
Nərimanın futbol təməli düzgün qurulmayıb. Futbolu, ələxsus uşaq futbolu olmayan ölkədə fiziki və texniki cəhətdən düzgün yetişməyib. Və bunun acısını indi çəkir.Ancaq bu, onun günahı deyil axı.
Özü də, valideynləri də, dostları belə, Axundzadənin “Qarabağ”da daha böyük işlər görməsini arzulayır. Çünki istedadı var, lakin təməlsizliyə görə açıb istifadə edə bilmir.
Qurban Qurbanov Nərimandakı potensialı gördüyü üçün illərdir onu böyütməyə, inkişaf etdirməyə çalışır. Gözdən itməsinə, ruhdan düşməsinə imkan vermir. Yaşıl meydanlarda oğlu Musaya güvənmədiyi qədər güvənir ona.
Sözümün canı nədir?
Nəriman bizdən biridir. Azərbaycanlıdır, qanı qanımızdan, canı canımızdandır. Ola bilsin zəif oynayır, istədiklərini ortaya qoya bilmir, xaraktersizliyin qurbanına çevrilir.
İnanıram ki, təkliyə düşəndə ağlayır. Sevgisizliyin acısını çəkir. Tənqidlərlə barışa bilmir. Meydanda yol verdiyi səhvlərə görə özü ilə danışır. Top ayağına düşəndə nəyisə düz etməyəcəyindən qorxur.
Onsuz da 10 milyinluq ölkədə düz-əməlli 5-10 futbolçu var. Nəriman da onlardan biridir. Bundan sonra dəyişib nə Kenan Yıldız olacaq, nə Arda Güler, nə də Deniz Gül.
Onu mümkün qədər xilas etməyin bir çarəsi var – yanında olmaq, dəstək və sevgi göstərmək. Yalnız bu halda Nərimanı düşdüyü vəziyyətdən qurtara bilərik.
HƏBİB / SPORTİNFO.AZ

