“ Azərbaycan millisindən dəvət gələndə düşündüm, qərarı dərhal vermədim”

00:30 Müsahibə 64
“ Azərbaycan millisindən dəvət gələndə düşündüm, qərarı dərhal vermədim”

Rusiyanın I Liqa təmsilçisi “Soçi”nin yeni transferi Ramil Şeydayev klubun mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı azərbaycanlı hücumçu zəngin karyerasının ən yaddaqalan anlarını xatırlayıb.

- Ramil, “Soçi”yə xoş gəlmisən! Klubumuza keçid variantı necə yarandı? Təklif üzərində çox düşündün?

- Təklif gəldi, çox düşünmədim. Hər şeyi müzakirə etdik, danışdıq və belə alındı. Nəticədə buradayam.

- Artıq bir neçə gündür komanda ilə çalışırsan. Adaptasiya necə gedir? Futbolçulardan kimləri əvvəldən tanıyırdın?

- Hər şey əla gedir. Rusiyada, prinsipcə, mənim xüsusi adaptasiyaya ehtiyacım yoxdur. Futbolçulardan Maks Kuzmini, İqor Kalinini tanıyırdım. Ümumilikdə isə düşünürəm ki, heç kimlə problem olmayacaq. Çox mehriban kollektivdir.

- Son rəsmi oyununu bir neçə ay əvvəl keçirmisən. Formanı necə qiymətləndirirsən və optimal vəziyyətə çatmaq üçün nə qədər vaxt lazım olacaq?

- Forma ilə bağlı düşünürəm ki, bu sualı məşqçilərə vermək daha yaxşıdır. Onlar bunu məşqlərdə görəcəklər. Əlbəttə, istənilən halda formanı bərpa etmək lazımdır və hazırda bunun üzərində çalışıram. Artıq lazımi kondisiyaya yaxınlaşıram. Ümid edirəm ki, hər şey çox tez alınacaq.

- Rusiya, Slovakiya və Azərbaycan çempionu olmusan. Bu çempionluqlardan hansı sənin üçün xüsusi yer tutur?

- Yəqin ki, Azərbaycanda “Qarabağ”la qazandığım çempionluq. Orada bütün mövsüm oynadım, böyük iş gördüm, ən yaxşı bombardir oldum. Yəqin ki, məhz bu titul mənim üçün ən xüsusidir.

- Karyeran ərzində beş ölkədə - Rusiya, Azərbaycan, Türkiyə, Slovakiya və Tailandda oynamısan. Səncə, bu çempionatlar bir-birindən nə ilə fərqlənir?

- Prinsipcə, futbol hər yerdə az-çox eynidir. Yəqin ki, iqlim şəraiti, insanların mentaliteti fərqlənir. Haradasa futbola daha çox azarkeş gəlir, haradasa daha az. Amma düşünürəm ki, futbol hər yerdə futbol olaraq qalır.

- “Qarabağ” karyeranda xüsusi yer tutur. Bu kluba üç dəfə qayıtmısan. Niyə belə alındı? “Qarabağ”ı karyeranın əsas komandası hesab edirsən?

- Hər dəfə fərqli şərait olub. Bu barədə uzun danışmaq olar, çünki hər vəziyyətdə hər şey fərqli cür baş verib. Amma əlbəttə, “Qarabağ” karyeramın əsas klublarından biridir.

- Məhz “Qarabağ”ın heyətində avrokuboklarda debüt etmisən və müntəzəm olaraq beynəlxalq arenada oynamısan. Bu matçlar sənin üçün nə ifadə edirdi?

- Onları tez-tez xatırlamıram, amma əlbəttə, avrokuboklar həmişə möhtəşəm və çox maraqlıdır. Həm Çempionlar Liqası, həm də Avropa Liqası əla turnirlərdir. Böyük ajiotaj və xüsusi atmosfer olanda həm evdə, həm də səfərdə oynamaq xoşdur.

- “Olimpiakos”un qapısına vurduğun qol karyeranın ən yaxşı qoludur?

- Ola bilər, ən yaxşılarından biridir. Amma düşünürəm ki, ən gözəl qollarımı milli komandada Almaniya və Slovakiyaya vurmuşam. Yəqin ki, onlardan biridir.

- Rusiyanın yeniyetmələrdən ibarət millisinin heyətində Avropa çempionu olmusan, daha sonra isə Azərbaycan millisində çıxış etmək qərarına gəlmisən. Bu qərarı vermək nə dərəcədə çətin idi?

- Ətraflı danışsam, çox vaxt aparar. Əlbəttə, bu barədə düşündüm, qərarı dərhal vermədim. Rusiyanın gənclər millisindən Azərbaycan milli komandasına keçdim. Hər şeyin belə alınmasına qətiyyən peşman deyiləm. Azərbaycan millisində çıxış etdiyim üçün şadam. Orada olmaq çox xoşuma gəlir, bura atamın vətənidir.

- Azərbaycan millisində 70-ə yaxın oyun keçirmisən və Almaniya, Xorvatiya kimi komandalara qol vurmusan. Hansı qolları ən yaddaqalan hesab edirsən?

- Yəqin ki, məhz Almaniya və Xorvatiyaya vurduğum qolları. Bu iki qol ən yaddaqalanıdır.

- Birinci Liqada qarşıdakı mövsümdən gözləntilərin nələrdir?

- Əsas gözlənti Premyer Liqaya yüksəlməkdir. Başqa məqsədin mənası yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 20:00 Çək və bizə göndər!