“Pafos”dakı Muradımızın dünəni, bu günü və sabahı - İstedadını üzə çıxaran şəxslə MÜSAHİBƏ

9 Avqust 09:10 Müsahibə 1 117
“Pafos”dakı Muradımızın dünəni, bu günü və sabahı - İstedadını üzə çıxaran şəxslə MÜSAHİBƏ

Bu yay gənclər millimizin yarımmüdafiəçisi Murad Məmmədovun karyerasında yeni səhifə açıldı.

Gənc futbolçu “Neftçi”dən Kiprin “Pafos” klubuna keçdi.

Murad yeni komandasında ilk oyunlarından etibarən özünü yaxşı tərəfdən göstərməyi bacarır.

Düzdü, ehtiyatdan meydana daxil olur, amma aldığı az zamanda müsbət məqamlarla yadda qala bilir.

Buna sosial şəbəkələrdə yazılanlar əyani sübutdur.

Murad yolun başındadır, ümid edək ki, bundan sonrası onun üçün daha parlaq olacaq.

Oyunçunun üzə çəxmasında, inkişafında əməyi olan insanlardan biri şübhəsiz hazırda “Neftçi-2”nin baş məşqçisi olan Rəşad Abdullayevdir.

Məhz Abdullayev Muradı U-16 Liqasında oynadığı vaxtda fərqləndirib, daha sonra U-19-a dəvət edib və “Neftçi-2”də də onunla birgə işləyib. Davamı isə hər kəsə məlumdur.

Təcrübəli mütəxəssis Sportinfo.az-a müsahibəsində məhz yetirməsinin dünənindən, bu günündən və sabahından danışıb:

- Murad Məmmədov ilk dəfə nə vaxt istedadı ilə diqqətinizi çəkdi?

- Murad Məmmədovu U-19 komandasına dəvət edəndə U-16 Liqasında çıxış edirdi. Görürdüm ki, yaşıdlarından çox seçilir. Orada qalıb oynamaqla inkişaf edə bilməzdi. Çox rahat qollar vururdu, sürətdə yaşıdlarından çox fərqlənirdi. Demək olar, hər oyunda 3 qol vururdu. Biz də qərar verdik ki, U-19 komandamızda oynasın.

- Onu yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlər nələr idi?

- Ən çox sürətli olması diqqət çəkirdi. Standart vəziyyətləri ona verirdik. Birə-birlərə rahat gedir və rəqibi aldadırdı. Yarımmüdafiəçi olsa da, məhsuldarlığı yüksək idi. Məşqçilər uşaq futbolunda bu gün ən çox birə-bir rəqibi aldadan futbolçu axtarırlar. Çünki müasir futbolda bu, çox önəmlidir. Xüsusilə vingerlər üçün belə keyfiyyət mütləq lazımdır.

- Daha sonra Murad “Neftçi-2”də sizin rəhbərliyiniz altında oynadı. Həmin mərhələ onun inkişafında nə qədər rol oynadı?

- “Neftçi-2”yə baş məşqçi keçəndə Muradı da özümlə apardım. Orada stabil futbolunu oynadı. Divizionda çıxış edəndə özündən 10 yaş böyük, təcrübəli futbolçulara qarşı oynayırdı. Çətin liqa idi, amma ayaqlaşa bilirdi. Hər mövsümün sonunda rəhbərliklə müzakirələr aparırıq ki, əsas komandaya kimlər gedə bilər. Həmin mövsümün sonunda Murad da həmin oyunçulardan biri oldu. Bunu öz oyunu ilə qazandı.

- Bir məşqçi üçün gözünün önündə böyüyən futbolçunun əsas komandaya yüksəlməsi nə deməkdir?

- Bizim üçün bu hal çox xoşdur. Çünki çox istəyirik ki, hər il 2-3 futbolçunu yuxarılara verə bilək. Bu gün Muradın ölkə xaricində olmasına sevinirik. Onun xarakterinə bələdəm. Azarkeşlərin önündə oynamaq çətindir. Amma Murad bunun öhdəsindən gələcək.

- Murad “Pafos”a keçməzdən əvvəl sizinlə danışmışdı?

- Bəli, “Pafos”a gedəndə mənimlə danışdı. Mən də məhz azarkeş amilini qabartdım. Bilirsiniz ki, onların azarkeşləri çox çılğındır. Ətrafında güclü futbolçular olacaq. Amma gördüm ki, Murad çox rahat görünür. Bu da məndə əminlik yaratdı ki, psixoloji baxımdan problem yaşamayacaq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi