“Vestri”nin futbolçusu Sergine Fall Sportinfo.az-a müsahobə verib.
32 yaşlı yarımmüdafiəçi komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a məğlub olduğu (0:3) matç haqda sualları cavablandırıb.
- “Qarabağ” sizi təəccübləndirdi?
- Hansı rəqibə qarşı oynadığımızın fərqindəydik. Xüsusən burada “Qarabağ”ın inamlı təsir bağışlamasından xəbərdar idik. İnamlı müdafiə olunmaqla qol buraxmamağa ümid edirdik. Yarım saat ərzində bunu bacarsaq da, öz səhvlərimiz ucbatından ilk hissənin sonuna qədər qapımızda 2 top gördük. Güclü rəqibə qarşı layiqli mübarizə aparmağa çalışdıq. Lakin nəticə ürəkaçan olmadı. Bir həftədən sonra cavab oyunu var. O vaxta qədər səhvlərimizi görməli və aradan qaldırmalıyıq ki, bir daha təkrarlanmasın.
- Oyundan sonra kimsə sənə 0:3 uduzacağınızı desəydi, buna görə ona təşəkkür edərdin, yoxsa əksinə? İki klub və komanda arasındakı fərqləri nəzərə alaraq deyirəm.
- Klubun hansı büdcəyə, hansı imkanlara sahib olması, komandanın hansı liqada oynaması futbolçuların xarakterini dəyişmir. İdmançıyıqsa, meydana qələbə üçün çıxırıq. Rəqibin adının şəxsən mənim üçün heç bir fərqi yoxdur. “Qarabağ” hər nə qədər güclü rəqib olsa da, bura layiqli nəticə dalınca gəlmişdik. Ən pis halda heç-heçə ilə ayrılacağımıza ümid edirdik. Paltardəyişmə otağına baxsanız, hamı məyusluq içindədir. Çünki heç kim 0:3-ü qəbul etmək istəmir.
- Karyeranda nə vaxtsa 20 min azarkeşin önündə oynamışdın?
- Nə yalan deyim, mən oynamamışam. Amma komandamızda daha öncə başqa liqalarda, bu cür atmosferdə oynamış futbolçular var. İslandiyanın əhalisi çox deyil. Ona görə də stadionlara az adam gəlir. Avrokuboklarda isə ilk oyunum idi. Həqiətən zövq aldım.
HƏBİB

