"Turan Tovuz"dan ayrılan Mark Mampassinin yeni klubu müəyyənləşib.
23 yaşlı müdafiəçi Norveç təmsilçisi "Rusenborq"la müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Karyerası ərzində "Lokomotiv"lə yanaşı, "Antalyaspor" və "Kortreyk"in də formasını geyinən futbolçu "boz qurdlar"ın heyətində 11 oyun keçirib.
"Turan" onu birdəfəlik transfer etməyə təşəbbüs göstərib. Müqavilə ilə məxsus olduğu Moskva "Lokomotiv" Marka 500 min avro qiymət qoyub.
Premyer Liqanın bürünc medalçısı həmin məbləği ödəməkdən imtina etdiyindən, arxa xətt oyunçusunun 4 aylıq Azərbaycan karyerası başa çatıb.
Ailəsi Belçikada yaşayan Mampassi burada keçirdiyi hər ay ərzində 17 min dollar əməkhaqqı alıb.
Tovuz təmsilçisi legionerindən "Loko" rəhbərliyi ilə danışmasını istəyib, o isə kompensasiyanın məbləğində güzəştin edilməyəcəyini bildirərək, Avropanın yolunu tutub.
Donetskdə anadan olan futbolçunun atası Konqodan, anası isə ukraynalıdır. O, "Lokomotiv"də olarkən rusiyalı kimi göstərilsə də, "Rusenborq"la müqavilə bağladıqdan sonra ukraynalı olduğunu bildirib.
SPORTİNFO.AZ
