“Heç bir klubla prinsip aparmırıq, lazım olsa, ona da gedərik” – SƏRT MESAJ!

19:40 Müsahibə 159
“Heç bir klubla prinsip aparmırıq, lazım olsa, ona da gedərik” – SƏRT MESAJ!

Yeni sponsorun gəlişindən sonra “Səbail”in növbəti mövsüm üçün iddiası artıb.

Borcdan quirtulan, Premyer Liqa səviyyəsində yerli və xarici futbolçuların “ovuna” çıxan “dənizçilər” elitadakı yerini qaytarmaq üçün çempionluq uğrunda mübarizə aparacaq.

Klubun adının dəyişəcəyi və bölgələrdən birinə köçəcəyi ilə bağlı deyilənlər də son dərəcə maraqlı iddiadır.

“Səbail”lə bağlı suallara cavab tapmaq üçün kluba yeni təyin olunan prezidenti Mirzə Bayrampurla əlaqə saxladıq.

Xeyli vaxtdır futbol sahəsində çalışan 28 yaşlı funksioner Sportinfo.az-a verdiyi müsahibədə maraqlı açıqlamalarla diqqət çəkdi.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/253528.html)

- Yəqin ki, söhbət milyonlardan gedir.

- Bəli. Ona görə də güclü, Premyer Liqa səviyyəsində legionerlər gətirmək istəyirik. 800-1000 dollarlııq əcnəbilər gətirmək fikrimiz yoxdur. Elə futbolçular olmalıdır ki, “Səbail”in elitaya qayıtmasına kömək etsin. Daha çox pul ödəməyə hazırıq, təki iş əmsalı və keyfiyyət yüksək olsun.

- Uzun illərdir Premyer Liqada çıxış edən, vaxtilə Azərbaycan millisinə dəvət olunan Mehdi Cənnətovun “Səbail”ə keçidi gözlənilməz oldu. Sürprizlər davam edəcək?

- Dediyim kimi, elita səviyyəsində komanda qurmaq istəyirik. Tək legioner yox, yerli futbolçuları da yüksək standartlara uyğun seçirik. Ucuz nəyəsə qaçmaq istəmirik. Bəli, Mehdi Premyer Liqadan ilk transferimiz oldu, davamı mütləq gələcək. Hazırda bu yöndə danışıqlar davam edir.

- Rəqiblərinizin canına qorxu salan açıqlamalar verirsiniz.

- Heç bir klubla prinsip aparmırıq. Lakin lazım olsa ona da gedərik. Premyer Liqa klublarına yaxın düşə biləcək komanda yaratmaq istəyirik.

- Rahid Əmirquliyev də “Səbail”də çalışacaq?

- Rahid Əmirquliyev hər zaman yanımızdadır, biz də onun yanındayıq. Həm İdarə Heyətinin üzvüdür, həm prezidentin müşaviridir, həm də futbolçu-kapitandır.

- Deməli, karyerasını yenidən “Səbail”in formasında davam etdirəcək.

- Rahid futbolla vidalaşmaq istəmir.

- Baş məşqçi Elnur Abdullayevlə uzunmddətli – 3 illik müqavilə bağlamağınız da digər klublar üçün nümunəvi addım sayıla bilər.

- Baş məşqçiyə vaxt vermək mütləqdir. Komanda 5-6 oyunda nəticə vermirsə, çıxış yolu baş məşqçini göndərmək deyil. Gözlərimizin önündə “Qarabağ” nümunəsi var. “Qarabağ”ın çətin günləri oldu, neçə dəfə pley-offdan qayıtdı, lakin rəhbərlik baş məşqçiyə güvəndi, inam nümayiş etdirdi. Elnur Abdullayev insanlığına və işinə bələd olduğumuz biridir. Elnur II Liqada məğlubiyyətsiz çempion olan bəlkə də yeganə məşqçidir. Hətta məşqçilik lisenziyası Elnurun kateqoriyasından yüksək olanlar da var idi. Ötən mövsüm ən çətin dönəmdə “Şahdağ-Qusar”ı dağılmağa qoymadı. Komanda yığdı və mövsümü 5-ci pillədə başa vurdu. Futbolçunun arxasında dayanan məşqçidir. Elnur “Şahdağ-Qusar”la vidalaşanda legionerlər göz yaşlarını saxlaya bilmədi. Bunun özündə böyük məna var. Ona görə də “Səbail” rəhbərliyi olaraq gələcəkdəki hekayəni Elnur Abdullayevin üzərində qurub, yeni “Qarabağ” görmək istəyirik.

- Növbəti il üçün hədəf bəllidir – Premyer Liqaya vəsiqə qazanmaq. Bəs, yaxın 3-5 il üçün planlar nədən ibarətdir?

- Hazırda ev oyunlarımızı Quba Olimpiya Kompleksində keçirməklə bağlı Gənclər və İdman Nazirliyi ilə danışıq aparırıq. Bilirsiniz, kompleksdəki stadionun ot örtüyü və drenaj sistemi ürəkaçan durumda deyil. Məqsədimiz stadionda əsaslı təmir işləri aparıb, örtüyü və drenaj sistemini dəyişməkdir. Gələcəkdə yardımçı meydança da inşa etdirmək planımız var. Quba azarkeşləri futbola acdır. İllər öncə “Şahdağ Quba” ilə qürur duyan azarkeşlər indi yalnız II Liqada mübarizə aparan “Quba” ilə təsəlli tapır. Yaxın illər üçün əsas məqsədimiz böyük futbol həyəcanını Qubaya qaytarmaqdır.

- Növbəti mövsümdə rəqiblərinizi Qubada qəbul etmək fikriniz var?

- İstəyimiz komandanı I Liqanın çempionu edib, kubokla Qubaya getməkdir. Stadionda əsaslı təmir işləri kifayət qədər vaxt aparacaq. Ona görə də ev oyunlarını Qubada keçirmək qarşıdakı aylarda mümkün görünmür. İndiyə qədər Azərbaycan futbolunda yeni yaranan klubların qısa müddətdə tarixin yaddaşına qovuşduğunu az görməmişik. Biz elə klublardan olmaq istəmirik. Niyyətimiz oturuşmuş, davamlılığı olan komanda yaratmaqdır.

- O zaman “Səbail” ev oyunlarını əvvəl olduğu kimi “ASCO Arena”da keçirəcək.

- Bu məsələ sual altındadır. Bildiyiniz kimi, stadion AFFA-nın balansındadır. Bu məqsədlə assosiasiya rəhbərliyi ilə görüşlərimiz olub və yenə olacaq. 2027-ci ildə ölkəmizdə U-20 milliləri arasında dünya çempionatı ilə bağlı hazırlıq işləri görülür. Üstəlik, stadion çatışmazlığı var. Qazonun yüklənməməsi üçün bir meydanı bir neçə komandanın ixtiyarına vermək çətindir.

- Yəqin ki, klubun adı da dəyişəcək.

- Gələcəkdə Qubanın adıyla bağlı olacaq, bu, birmənalıdır. “Səbail”in gedib Qubada oynaması nə dərəcədə məntiqlidir? Ad dəyişikliyinə gedəcəyik. Lakin növbəti mövsümdə “Səbail” adı altında çıxış edəcəyik. Ümumiyyətlə, klubda ad dəyişikliyi etmək uzun zamanı əhatə edən prosesdir. “İnter” “Keşlə”yə çevrildi, daha sonra “Şamaxı” oldu. “Səbail” hazırda İctimai Birlik statusunda fəaliyyət göstərir. Ad dəyişikliyi edirsənsə, iki variantdan birini seçməlisən. Ya hansısa yeni ad altında sıfırdan başlayıb Region Liqasından başlamalısan, ya da hansısa klubun vərəsəsi olmalıdır. Bu isə 1 il, bəlkə də daha çox vaxt aparan prosesdir. Bu gün istəsək belə, 3 gün ərzində klubun adını dəyişə bilmərik. Ölkəmizin qanunvericiliyi var və həmin tələblərə uyğun hərəkət etməliyik. Belə deyim, ad dəyişikliyi bu gün üçün aktual deyil, lakin növbəti illərdə bu, mütləq baş verəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti