“Ən böyük büdcə bizdə olacaq” – Klub prezidentindən iddialı açıqlamalar

21:40 Müsahibə 445
“Ən böyük büdcə bizdə olacaq” – Klub prezidentindən iddialı açıqlamalar

Yeni sponsorun gəlişindən sonra “Səbail”in növbəti mövsüm üçün iddiası artıb.

Borcdan quirtulan, Premyer Liqa səviyyəsində yerli və xarici futbolçuların “ovuna” çıxan “dənizçilər” elitadakı yerini qaytarmaq üçün çempionluq uğrunda mübarizə aparacaq.

Klubun adının dəyişəcəyi və bölgələrdən birinə köçəcəyi ilə bağlı deyilənlər də son dərəcə maraqlı iddiadır.

“Səbail”lə bağlı suallara cavab tapmaq üçün kluba yeni təyin olunan prezidenti Mirzə Bayrampurla əlaqə saxladıq.

Xeyli vaxtdır futbol sahəsində çalışan 28 yaşlı funksioner Sportinfo.az-a verdiyi müsahibədə maraqlı açıqlamalarla diqqət çəkdi.

- “Səbail”ə qədər bir neçə klubda çalışmağınız bizə məlumdur. Futbola sevginiz, bu sahəyə gəlişiniz və fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Futbolla yaxından tanışlığım uşaq yarşlarımda “Bakı” Futbol Klubunda başlayıb. İllər öncə futbolçu kimi aşağı yaş qruplarından ibarət komandalarda oynamışam. İdarəetmə məsələsində ilk çalışdığım klub “Şimal” olub. Komanda II Liqada mübarizə aparanda, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişəm. Ötən mövsümdə isə “Şahdağ-Qusar”da icraçı direktor vəzifəsini icra edirdim. Bu gün isə “Səbail”dəyəm.

- Futbolçu karyeranızın davam etməməsinə nə səbəb oldu?

- Klub dağıldı, daha sonra ali məktəbə qəbul oldum, ölkə xaricində yaşadım və sair.

- Yəqin ki, futbolçu olmaq arzunuzun yarımçıq qalması sonradan sizi idarəçiliyə çəkdi.

- Belə deməzdim. İstedadım olsaydı, yəqin ki, futbolçu olardım. İstedadım lazımınca deyilmiş deyə, futbolçu ola bilmədim.

- Yeni sponsor şirkətin “Səbail”ə gəlişi barədə eşitmək maraqlıdır.

- Belə bir planımız var idi, açığı. Məqsədimiz II Liqada mübarizə aparan “Quba” Futbol Klubuna sahiblənmək idi. Klubu satın alıb, daha sonra Qubada futbolun inkişafı yolunda işlər görmək niyyətimiz var idi. Akademiya yaratmaq, yerli uşaqları futbola cəlb etmək, iddialı komanda formalaşdırmaq kimi ideyalarımızı həyata keçirmək istəyirdik. Bununla bağlı klub rəhbərliyi ilə görüşlərimiz oldu. Məbləğ bizə həddən artıq baha gəldi. Elə qiymətlər deyildi ki, həmin məbləğə az qala Premyer Liqada klub almaq olar. “Quba” mövzusu yarımçıq qalandan sonra başqa variantlar üzərində axtarışa çıxdıq.

- Və həmin məqamda “Səbail”in durumundan xəbər tutdunuz.

- Bəli, doğru buyurursunuz. Düzü, I Liqada başqa variantlar da var idi. Sadəcə, “Səbail” variantı daha uyğun gəldi. Klubun tarixinə baxanda, müəyyən izlər, uğurlar görmək mümkündür. Komanda uzun illər Premyer Liqada mübarizə aparıb, avrokuboklarda çıxış edib. Bu kimi amilləri nəzərə alıb “Səbail”in uyğun variant olduğunu düşündük.

- “Şimal” və “Şahdağ-Qusar”da çalışmısınız, “Quba”ya sahiblənmək üçün danışıq aparmısınız. Niyə məhz şimal bölgəsinin klubları?

- Çünki əslən Qubadanam. “Şimal” məsələsində klub rəhbərliyi ilə dostluq münasibətlərimiz əsas rol oynamışdı. “Şahdağ-Qusar”a gəlincə, xatırlayırsınızsa, ötən ilin yayında klubun dağılmaq təhlükəsi yaranmışdı. Klubu ayaqda saxlayan dörd nəfər oldu. Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyev “Şahdağ-Qusar”ın yaşamasında hədsiz dərəcədə böyük iş gördü. O vaxt mən ABŞ-daydım, açığı, futbola qayıtmaqla bağlı planım yox idi. Rahid Əmirquliyev prezident təyin olundu, Elnur Abdullayev baş məşqçi fəaliyyətini davam etdirdi. Tural Piriyevlə Rahid Əmirquliyev zəng edərək məni klubda görmək istədiklərini bildirdilər. Mən də sevə-sevə qəbul edərək razılaşdım. Əl-ələ verib çalışdıq, yekunda komandanı yaxşı vəziyyətdə təhvil verdik.

- “Səbail”ə sahiblənmək üçün 280 min manat məbləğində maaş və digər xərclərlə bağlı borcu ödəməliydiniz. Çətinlik öz həllini tapdı?

- Aşağı-yuxarı dediyiniz məbləğ idi. Bəli, borcu bağlamağı öhdəmizə götürmüşdük. Bir həftə ərzində bütün borclar bağlandı. Bu gün “Səbail”in 1 qəpik belə borcu yoxdur. Təhvil-təslim etdik, AFFA və PFL-dən üzləşmə aktları çıxarıldı, bu gün klubun heç kimə borcu yoxdur.

- Klubun addan ada keçməsi ilə bağlı Ədliyyə Nazirliyinə edilən müraciət nəticə verdib?

- Orada bir sənədlə bağlı əskiklik var idi, onu da göndərmişik. Səhv etmirəmsə, rəhbərliklə bağlı dəyişiklik təsdiq olunub. Yəni bu mövzuda da heç bir problem yoxdur.

- Növbəti mövsüm üçün büdcə təsdiqlənib? Kluba hansı məbləğdə vəsaitin ayrılacağı bilinir?

- Belə deyim, I Liqa təmsilçiləri arasında ən böyük büdcə bizdə olacaq. Kimin hansı büdcəyə sahib olmasında az-çox xəbərdarıq. Bilirik ki, illik 800 min, yaxud 1,5 milyon manat büdcəsi olanlar var. “Səbail” həmin siyahının ilk sırasında yer alacaq.

- Yəqin ki, söhbət milyonlardan gedir.

- (davamı olacaq)

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti