“Qarabağ”ın fransızı gördüklərindən həzz alıb: “Çox bəyəndim”

20:40 Müsahibə 154
“Qarabağ”ın fransızı gördüklərindən həzz alıb: “Çox bəyəndim”

“Qarabağ” Avropa Liqasındakı ilk oyunu qələbə ilə başa vurdu.

Bakıda İslandiya kubokunun son qalibi “Vestri” ilə baş tutan görüşdə “köhlən atlar” 3:0 hesablı qələbə qazanaraq cavab matçı öncəsi böyük üstünlük qazandı.

İkinci hissədə meydana daxil olaraq “Qarabağ”da rəsmi debüt edən fransalı vinger Jali Muaddib Sporinfo.az-ın suallarını cavablandırıb.

- Debüt oyunun və ilk qələbə. Fikirlərini eşitmək maraqlıdır.

- Bizim üçün önəmli olan mövsümə qələbə ilə başlamaq idi. Üstəlik, öz meydanımızda, azarkeşlərimizin qarşısında.Rəqibin fiziki cəhətdən hazırlıqlı olduğunu və əsas diqqəti müdafiəyə ayıracağını bildiyimiz üçün oyunumuzu buna uyğun qurmuşduk. Sevinirəm ki, lazım olan qolları vurub vacib qalibiyyət əldə etdik.

- İlk qolu 30-cu dəqiqədə vurdunuz. Sənə elə gəlmir ki, qol geciksəydi, sonluq fərqli ola bilərdi.

- Dediyim kimi, “Vestri” həm böyük qüvvə ilə müdafiə olunurdu, həm də taktiki cəhətdən ağıllı oynayırdı. Demək olar boş mövqe vermirdi. Belə anlarda tələsmək və narahat olmağa dəyməz. Sakit olmalı, öz işini görməli və mümkün boşluğu tapıb qolu vurmalısan. Belə də etdik. Əmin idim ki, hesabı açsaq, davamı də gələcək.

- Stadiondakı ab-havanı bəyəndin?

- Çox bəyəndim (gülür). Bu cür möhtəşəm atmosferdə oynamaq hər bir futbolçunun arzusudur. Qurduğun hücumla, yaratdığın təhlükəli epizodla, yaxud vurduğun qolla fanatları sevindirmək adamın özünə də həzz verir. Bu gün yanımızda olan hər bir tərəfdara təşəkkür edirəm.

- Belə olacağını təxmin edirdin?

- Komanda yoldaşlarımdan stadionun dolacağını eşitmişdim. Bilirdim ki, Bakıdakı avrokubok oyunlarında azarkeşlər “Qarabağ”a möhtəşəm dəstək verir, tribunalarda boş yer qalmır. Həqiqətən çox gözəldir.

- Təxminən bir aydır “Qarabağ”dasan. Özünü necə hiss edirsən, uyğunlaşma prosesi necə keçir?

- Yaxşı, hətta deyərdim ki, əlayam. Komanda yoldaşlarım tez uyğunlaşmağım üçün əlindən gələni etməyə çalışır. Önəmli olan dostluq ab-havasıdır ki, bu da “Qarabağ”da var. Özümü komandanın parçası hesab edirəm. Daha yaxşı olacağına əminəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti