“Sabah” Avropa Liqasının qrup mərhələsinin bir addımlığındadır.
Bu gün Masazırda baş tutacaq oyunda “Orhus” səddi keçilsə, təmsilçimiz Avropa Liqasının qrup mərhələsini təmin edib, Çempionlar Liqasının pley-offuna vəsiqə qazanacaq.
Kifayət qədər real və açıq görünən mənzərənin canlı şahidi olmaq üçün “Sabah”la “Orhus” arasındakı cavab qarşılaşmasını gözləmək lazım gəlir.
“Bayquşlar” Danimarka səfərindən ən pis halda heç-heçə ilə qayıtmalıydı. Bu dəfə də yaradılan qol şansları sağa-sola xərcləndi, rəqibin qolları zamanı diqqətsizliyə yol verildi və ən əsası, “Sabah”ın ayrı-ayrı futbolçuları həlledici anlarda həyəcanını boğa bilmədi.
Orhusdakı 90 dəqiqə Azərbaycan çempionunun meydan sahibi komandadan taktiki və taktiki baxımdan üstün olduğunu göstərdi. Qələbə üçün psixoloji hazırlıq da tələb olunurdu ki, bizimkilərdə məhz bu çatmadı.
Bu gün “Sabah”ın topa nəzarət edəcəyi, mərkəzdən və cinahlardan hücumlar quracağı, ən əsası, “Orhus”u öz qapısına “yapışdıracağı” gün kimi məlumdur. Qol fürsətləri bir-birinə sıralayacaq, rəqib futbolçular narahatlıqdan tir-tir əsəcək.
Belə vəziyyətdə vacib olan rahat oynamaqdır. İlk görüşdə qeydə alınan nəticəni yada salmağa, oyunun sonunu düşünməyə gərək yoxdur. Meydana hesabın 0:0 olduğunu düşünüb çıxmaq, qarşındakı rəqibin “Şamaxı”, “Kəpəz”, yeri gələndə “Qarabağ”la “Neftçi” olduğunu düşünmək lazımdır.
Yəni avrokubok statusunu kənara qoymaq lazımdır ki, ötən mövsüm “qızıl dubl” edən komanda işə düşsün. “Sabah”ın işini korlayan əsas amil avrokubok statusunun yaratdığı hıəyəcan və narahatlıqdır. Elə buna görə də qol vəziyyətləri yarananda, İsayev, Mikels, Simiç kimi futbolçuların ayaqları ayaqlarına dolaşır, top qapıya yox, tribunaya göndərilir.
“Orhus” son 5 səfər matçının yalnız 1-də qələbə qazanıb.
“Orhus” həmin 5 oyunda 6 qol vurub, öz qapısından 17 top buraxıb.
“Orhus” 2001-ci ildən bu yana səfərdə yalnız “Lex”i məğlub etməyi bacarıb – 4:1.
Danimarka çempionunun özgə meydanında istədiyi nəticəni qazanmaqda əziyyətlə üzləşməsi də bizimkilərin xeyrinə işləməlidir. İşləyəcək də.
“Sabah” rahat şəkildə alışdığımız futbolu oynasa, “Orhus” meydana çıxmağa peşman olacaq.
HƏBİB / SPORTİNFO.AZ
