“Təkliflər barədə “Neftçi” rəhbərliyinə demişəm, hələlik burada qalmağımı istəyiblər”

19 İyul 22:05 Müsahibə 1 109
“Təkliflər barədə “Neftçi” rəhbərliyinə demişəm, hələlik burada qalmağımı istəyiblər”

Vaxtilə Premyer Liqada “Qəbələ”, “Keşlə”, “Neftçi” kimi komandaları çalışdırmış, iki dəfə ölkə kubokunun sahibi olmuş Sənan Qurbanov bir müddətdir “Neftçi”nin Futbol Akademiyasında əlaqələndirici (koordinator) kimi çalışır.

45 yaşlı çalışdırıcı ilə söhbətdə həm Premyer Liqa, həm şəxsi fəaliyyəti, həm də akademiya ilə bağlı suallara cavab tapmağa çalışdıq.

Qurbanov Sportinfo.az-a verdiyi müsahibədə xüsusən akademiya ilə bağlı ümidverici fikirlər səsləndirməklə diqqət çəkdi.

-Premyer Liqa “Neftçi”nin akademiyasından necə görünür?

- Çox yaxşı, hətta deyərdim ki, əla. Ötən mövsüm kifayət qədər rəqabətli, gərgin və maraqlı alındı. İstər avrokuboklara vəsiqə uğrunda, istərsə də sonuncu iki yeri tutmamaq üçün gedən mübarizə futbol ictimaiyyətinə zövq verdi. Son bir neçə ildə bu dərəcədə gərgin çempionat izlədiyimi xatırlamıram. Digər sevindirici məqam ölkəmizə səviyyəli legioner məşqçi və futbolçuların gəlməsidir. Komandaların taktiki baxımdan ağıllı oynamasının, intensivliyin və mübarizənin gərginləşməsinin başlıca səbəblərindən biri budur. Baxımlı oyunların sayı artıb. Növbəti mövsümün ötən ilkindən daha çətin alınacağına əminəm.

- “Qəbələ” və “Keşlə”nin “sükanı” arxasında iki dəfə Azərbaycan kubokunu qazanmış Sənan Qurbanovun bu gün akademiyada fəaliyyət göstərməsinin səbəbi nədir?

- Əvvəla onu qeyd edim ki, akademiyada çalışmaq kifayət qədər məsuliyyətli və ciddi işdir. Üstəlik, “Neftçi” kimi köklü və daim diqqət mərkəzində olan klubda. Ümumiyyətlə, “Neftçi” kimi camiənin bir parçası olmaq, belə bir klubda vəzifəsindən asılı olmayaraq çalışmaq hər kəs üçün fəxrdir. Yeniyetmə və gənc futbolçuların valideynlərinin arzusu övladlarını gələcəkdə peşəkar futbolçu qismində görməkdir. Bu işin öhdəsindən gəlmək, uşaqların və valideynlərin gözlərinə dik baxmaq vicdan işidir. Belə deyim, akademiyadakı işimdən zövq alıram.

- Bəs, Premyer Liqadan uzaq düşməyiniz?

- Bu gün Premyer Liqada işləməyən tək mən deyiləm. Özünüz bilirsiniz, mənim kimi bir neçə məşqçi də başqa sahədə çalışır və ya ümumiyyətlə işsizdir. 12 klub var, məşqçilərin sayı isə 20-30-dan çoxdur. Hamı eyni anda elitada işləyə bilməz. Zamanı gələndə yəqin ki, yenidən Premyer Liqada çalışacağıq.

- Bu müddətdə təkliflər olub?

- Ümumi planda danışığımız, müzakirələrimiz olub. Sadəcə ortaq məxrəcə gəlməmişik. Bunun da təfərrüata varmaq istəmədiyim müxtəlif səbəbləri var. Təkliflər barədə “Neftçi” rəhbərliyini məlumatlandırmışam. Hələ ki, burada qalmağımı istəyiblər.

- Akademiyada ümumi vəziyyət necədir? Şərait, inkişaf, nailiyyətlər...

- Digər klublarla müqayisədə bazamız var ki, hər cür şəraitlə təmin olunub. Üstü qapalı və açıq meydançalar, inventarlar, soyunub-geyinmə otaqlarına qədər mövcuddur. Futbolçular klub tərəfindən ayrılmış avtobuslarla metrodan bazaya gətirilir. Şərait baxımından Premyer Liqanın digər klublarından üstün sayılırıq. Məqsədimiz “Neftçi”nin əsas komandası və Azərbaycan milliləri üçün futbolçuları yetişdirməkdir. Bütün diqqətimizi bu istiqamətə ayırmışıq.

- İllər öncə “Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları Bakının müxtəlif ərazilərində hazırlıq keçirdi. Bu gün bütün komandalar eyni məkanda məşq edir?

- Bəli-bəli. İndi vahid sistem var. Bütün yaş qrupları “Neftçi”nin Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında hazırlıq keçir. Məşq saatlarını elə tərtib etmişik ki, bir komanda digərinə mane olmasın.

- Komandaların beynəlxalq turnirlərdə iştirakı ilə bağlı nə kimi yeniliklər var? Razılaşaq ki, inkişafın əsas istiqamətlərindən biri xarici yarışlarda iştirakdır.

- Sizinlə tam razıyam. Son illərdə Rusiyada təşkil olunan turnirlərdə iştirak edirdik. Hətta bir neçə ay öncə Bakıda U-11-lər arasında “Dinamo Moskva”, “Beşiktaş”, “Kayrat” kimi klubların iştirak etdiyi turnir təşkil olunmuşdu. Ötən il U-17 komandamız Türkiyədə “Qalatasaray”, “Beşiktaş”, “Fənərbağça” kimi klubların müvafiq yaş qrupları ilə qarşılaşmışdı. Dediyiniz məsələ bizim və klub rəhbərliyinin diqqətindədir. Həm öz bazamızda, həm də ölkə xaricində turnirlərin keçirilməsi plandadır.

- Akademiyada çalışan məşqçilərin bilik və təcrübəsini artırması ilə bağlı xaricdəki seminarlarda iştirak etməsi, yaxud tanınmış klubların düşərgəsində olmasına da vacib məsələdir.

- Məşqçilərlə əlaqələndiricilər arasında mütəmadi görüşlər keçirilir. Hansısa yeni məşq metodları tətbiq olunanda, görüşüb onları müzakirə edirik. Ötən mövsümün gedişində əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi təcrübəsini akademiyanın məşqçiləri ilə bölüşmüşdü. Bəzən məşqçiləri bir araya gətirib əsas komandamızın oyun analizlərini edirik. Ölkə xaricinə çıxışla bağlı da klub rəhbərliyi ilə danışığımız olub. İnşallah, onu da həyata keçirməyə çalışacağıq. Məşqçilərimizin maariflənməsi ilə bağlı lazım olan işlər görülür.

- Əsas komanda xaric, başa çatan mövsümü inkişaf və nəticələr baxımından “Neftçi”nin digər yaş qrupları üçün necə xarakterizə etmək olar?

- Hər şeydən əvvəl onu qeyd edim ki, bizim üçün prioritet turnir cədvəlindəki nəticələrdən əvvəl əsas komanda üçün layiqli futbolçular yetişdirməkdir. Düzdür, nəticə də önəmlidir, lakin əsas vəzifə futbolçuların düzgün istiqamətdə inkişafı, əsas komandaya yüksəlməsidir. Bu gün sevindirici məqamlardan biri U-17 və U-19-dan əvəzedici komandaya lazımi qədər futbolçu göndərməyimiz idi. Digər mühüm iş əvəzedici komandanın üç üzvünün Sloveniya toplanışına aparılması, yoxlama görüşlərində şans qazanmasıydı. Hazırda akademiyada kifayət qədər bacarıqlı futbolçular var. Yaxın gələcəkdə onları “Neftçi”nin əsas komandasında, bəlkə də əsas heyətdə görmək mümkün olacaq. Nəticələrə gəlincə, U-13, U-15 və U-17 komandalarımız öz həmyaşıdları arasında çempion oldu. Bu fakt digər komandaların növbəti ildəki çıxışına motivasiya olacaq. Bu gün akademiyada, yəni hər bir komandada xoş əhval-ruhiyyənin olması, ailə mühitinin formalaşması hər birimizi sevindirir. Hər kəs bir-birinə dəstək olmaq üçün əlindən gələni edir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası