"Artıq transfer işlərini bitirmişik, bundan sonra gələn olmayacaq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz Naxçıvan"ın yeni prezidenti Ceyhun Sultanov deyib.
Bir müddətdir klubun rəhbəri postunda Ramin Axundovu əvəzləyən funksioner növbəti mövsümlə bağlı gözləntilərini dilə gətirib.
Bildirib ki, "ağ-yaşıllar" yüksək yerlər uğrunda mübarizə aparacaq:
"Bu yay düşərgədə xeyli dəyişiklik olub. Gedənlər də çoxdur, gələnlər də.
Hazırkı heyəti mən yığmamışam. Bütün seçimləri baş məşqçimsiz Cavid Hüseynov edib.
Biz rəhbərlik olaraq ona inanırıq. Gözləntilərimiz böyükdür.
Premyer Liqada yuxarı yerlərdən birini tutmaq istəyirik. Fikrimcə, buna gücümüz çatar.
Düzdür, ötən illə müqayisədə büdcəmiz azalıb, ancaq bunun komandaya böyük təsirinin olacağını düşünmürəm.
Premyer Liqada qalmaq? Mən belə bir problemimizin olacağını heç ağlımın ucundan da keçirmək istəmirəm».
Muxtar Respublika təmsilçisi mövsümlərarası fasilədə 12 transfer həyata keçirib.
Cavid Hüseynov baş məşqçi postuna gətirmiş klub Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv ("Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland), Abdallah Sudi (“Persijap”, İndoneziya), Mamadu Kane (“Pafos”, Kipr), Ceyhun Nuriyev ("Zirə"), Ağadadaş Salyanski ("Neftçi") və Boyan Letiç ("Sabah") müqavilə imzalayıb.
