Millinin müdafiəçisi Rahil Məmmədovun "Turan Tovuz"a keçməsindən xəbərdarsız.
Ötən mövsümü "Araz-Naxçıvan"da yola vermiş arxa xətt oyunçusu bölgə təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Yəqin sizə də maraqı gələr ki, Tovuz klubu ona nə qədər ödəniş edib?
Biz bunu dəqiqləşdirmişik. Premyer Liqanın bürünc medalçısı "Neftçi"nin yetirməsinə 15 min manat əməkhaqqı verəcək.
Rahilin iki aydan artıqdır klubsuz qalması elə maliyyə tələbləriylə bağlıdır. O, indiyədək təklif göndərən müştərilərə 20 min manat istəyib.
Topsuz qalacağından narahat olan müdlafiəçi sonda 5000 manat güzəştə gedib.
Məmmədov karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.
Daha əvvəl "Şəfa", "Şamaxı" və "Kəpəz" də Məmmədovun xidmətində maraqlı idi. "Turan"dan öncə "Səbail" ona dəvət göndərib.
Premyer Liqaya iddialı I Liqanın iştirakçısı yığmanın üzvünə nə az, nə çox, düz 10 min manat əməkhaqqı təklif edib.
Səbəbkar aşağı liqada oynamağı özünə sığışdırmadığından, bu pulu əlinin arxasıyla yana itələyib.
"Turan"ın Rahillə münasibətlərini rəsmiləşdirməsi yerli publikaya xoş gəlməyib. Tovuzlu azarkeşlər bu keçidin əleyhinə çıxıb və sosial şəbəkələrdə sərt ruhlu statuslar paylaşıblar.
SPORTİNFO.AZ
