Qurban Qurbanovun istehzalı gülüşünün arxasında gizlənən qəzəb

13:00 Köşə 217
Qurban Qurbanovun istehzalı gülüşünün arxasında gizlənən qəzəb

Açığı, Qurban Qurbanovu ikinci dəfə idi ki, belə ironik tərzdə gülən görürdüm.

Dünən Masazırdakı o səhnə məni 2021-ci ilin mayına qaytardı.

«Neftçi» ilə çempionatın son turuna, «qızıl»ın taleyini müəyyənləşdirən oyuna. Həmin gün «Qarabağ»a 1 xal da kifayət edirdi ki, çempionluq bayramı yaşasın.

Ahmet Ahmetovun axır dəqiqələrdə vurduğu qol Qurbanovu belə yandırıb-yaxmamışdı. Baş hakim Elçin Məsiyevin onların iki penaltisini vermədən final fitini səsləndirməsi onun simasında kinayəli, istehzalı bir təbəssüm yaratmışdı.

O hadisə ötən gün bir daha təkrarlandı.

Komandanın tərcüməçisi Aydın Simiçin əlinə dəyən topun epizodunu Qurbanova göstərdi, adam səssiz reaksiya verdi - həmin kinayəli gülüş bütün üzünü bürüdü.

«Siz məni bu gün yıxmağa çalışın, alçaqlıq edin, amma eybi yox, bu günün sabahı da var, görəcəksiz» - o gözlərin arxasında gizlənən qəzəb tufanı bundan ibarətdir.

Nə Rəvan Həmzəzadəyə tərəf getdi, nə də dördüncü hakimə boylandı. Sakitcə, amma əmin addımlarla Valdas Dambrauskası təbrik etməyə tələsdi.

Artıq hər şey aydındır - ona da, bəndənizə də.

Razılaşmaya bilərsiz, Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadasının dünənki idarəçiliyi sıradan idarəçilik deyildi, rəzalət, bu sahəyə təhqir idi, tüpürmək idi.

Onlar tapşırıq yerinə yetirdilər. «Qarabağ»ın futbolçularının oyundan sonra hər bir şeylərini söyüb «saplayacağını» bilə-bilə bu çirkin missiyanın altına girdilər və «öhdəsindən gəldilər».

Səhv eləmirəmsə, Qurban Qurbanov bunadək bir neçə dəfə Rəvan Həmzadənin adını çəkərək tərifləyib.

Yanıla bilərəm, amma belə yadımda qalıb. Qurbanovun dilindən düşməyən hakim dünən o tərifi öz əməlləriylə təhqirə çevirdi, tribunalar tərəfindən «topa tutuldu».

Oyundan sonra baş verən hadisələrə görə «Qarabağ»ın heç bir futbolçusunu qınamıram. Son dəqiqədə penaltisi verilməmiş, məzlum duruma salınmış kəslərdir onlar.

Belə yerdə, belə məqamda əsəbmi qalar adamda?

Ədalət anlayışına tüpürən birinə nə deyilməlidir ki?

Başına sığal çəkilməlidir, ya kürəyinə?

O cür hakimlikdən sonra sərt etiraz, kobud ifadələr eşitməyə hazır olmalısan.

MUSA

Store Neftchi
Xəbər Lenti