"Növbəti ildə əsas vəzifəm Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaqdır"

03:50 Digər növlər 116
"Növbəti ildə əsas vəzifəm Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaqdır"

Üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sariyeva Avropa çempionatında müəyyənləşdirdiyi Azərbaycan rekordunu (13,91 metr) növbəti dəfə yeniləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, idmançı bunu "report"a açıqlamasında deyib.

O, böyük yarışda növbəti uğura imza atdığı üçün şad olduğunu bildirib:

"Belə möhtəşəm turnirdə yeni Azərbaycan rekorduna imza atdığım üçün çox şadam. Qitə birinciliyinin səviyyəsini və güclü rəqabəti nəzərə alsaq, 13,91 metr nəticə şəxsən mənim üçün çox vacibdir. Əlbəttə, finala vəsiqə qazanmaq istəyərdim. Lakin ilk növbədə müsbət məqamları görməyə çalışıram. Bu ölkə rekordu böyük əməyin bəhrəsidir və doğru yolda olduğumu göstərir".

Y.Sariyeva turnirə hazırlıq prosesinin planlaşdırılmış şəkildə keçdiyini diqqətə çatdırıb:

"Gündə iki dəfə məşq edirdik. Əsas diqqəti qaçış texnikasına, tullanma fazalarına və icranın sabitliyinə yönəltmişdik. Hesab edirəm ki, sistemli iş, özünəinam və startdan əvvəlki düzgün köklənmə həlledici rol oynadı. Müəyyən detallar üzərində uzun müddət işləyəndə, bu, nəticədə də əksini tapmağa başlayır".

İdmançı əsas məqsədini də açıqlayıb:

"Avropa çempionatındakı bu göstərici beynəlxalq səviyyədə rəqabət apara bildiyimi göstərir. Lakin hələ üzərində işləməli olduğum məqamların olduğunu da anlayıram. Növbəti ildə əsas vəzifəm inkişafa davam etmək və Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaqdır. Buna görə də beynəlxalq yarışlarda sabit çıxış etmək, nəticələrimi yaxşılaşdırmaq vacibdir. Əlbəttə, bununla kifayətlənmək istəmirəm, rekordu bir daha təzələmək və daha yüksək səviyyəyə qalxmaq niyyətindəyəm".

Yekaterina Sariyeva İngiltərənin Birmingem şəhərində keçirilən Avropa çempionatında 13,91 metr nəticə göstərərək özünəməxsus əvvəlki Azərbaycan rekordunu (13,89 metr) yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!