“Qarabağ”da Kevinin mövqeyinə gələn gördüklərindən məmnundur

13:00 Müsahibə 155
“Qarabağ”da Kevinin mövqeyinə gələn gördüklərindən məmnundur

“Qarabağ”ın yeni transferlərindən üçü “Vestri” ilə oyunda əsas heyətdə yer almışdı ki, onlardan biri mərkəz müdafiəçisi bense Varkonyi idi.

“Köhlən atlar”ın heyətində rəsmi matçda debüt edən 24 yaşlı macar futbolçu 90 dəqiqə ərzində inamlı və soyuqqanlı təsir bağışlamaqla gələcəyə ümid verdi.

Təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verən Varkonyi sualları cavablandırıb.

- İlk rəsmi oyunda qələbə yerinə düşdü.

- Tək mənim üçün yox, həm də komandam üçün cari mövsümdə ilk matç idi. Gələcəkdə uğurlu çıxış etmək üçün qələbə bizə olduqca vacib idi. Eyni zamanda, bu gün tribunaları dolduran azarkeşlərimizə hədiyyə etmək istəyirdik. 3:0 yaxşı nəticədir, lakin hesab arasındakı fərq daha böyük ola bilərdi. Hələ yolun başındayıq, bu şəkildə davam etməliyik.

- Bu, həm də sənin ilk avrokubok oyunun idi. Həyəcan var idi?

- Bəli, avrokuboklarda ilk matçı keçirdim. Həqiqətən gözəl hisdir. Həyəcan yalnız onunla bağlıdır ki, çempionat oyunlarında 1-2 görüşdə uduzanda heç nə bitmir. Çünki qarşıda başqa oyunlar olur. Avrokuboklarda fərqlidir. Uduzmaq haqqımız yoxdur. Uduzsaq, turnirlə vidalaşmaq məcburiyyətində qalacağıq. Əsas fərq budur. Özümə gəlincə, hansısa təzyiqdən, yaxud həyəcandan söhbət gedə bilməz. Əksinə, bu qədər azarkeşin qarşısında oynamaqdan, atmosferi hiss etməkdən, onları sevindirməkdən zövq aldım.

- “Qarabağ”ı seçməyində yəqin ki, beynəlxalq arenalardakı çıxışı da rol oynadı.

- Hər bir futbolçunun arzusu böyük turnirlərdə çıxış etmək, təcrübə qazanmaqdır. Belə fürsət hər zaman ələ düşmür. Fərqli ölkələrdən olan güclü rəqiblərə qarşı oynamaqdan zövq alırsan. Özümü ölkə xaricində sınamaq əsas məqsədim idisə, digər səbəb təbii ki, Avropa turnirlərində çıxış etmək həvəsi idi.

- “Qarabağ”da özünü əvvəlki klubun ZTR-dəki kimi hiss etməyin üçün nə qədər vaxta ehtiyac duyursan?

- Üzərimdə çox çalışıram. Gəldiyim gündən məşqlərdə bacardığımın maksimumunu verirəm ki, oynamağa hazır olum. Bu gün baş məşqçimiz mənə güvəndi, mən də onun etimadını doğrultmağa çalışdım. “Qarabağ”da gördüyüm ən xoş keyfiyyətlərdən biri kollektividə ailə ab-havasının olmasıdır. Təcrübəli futbolçular yeni gələnlərin uyğunlaşması üçün kömək edir, yol göstərir. Özümü burada yeni gəlmiş kimi hiss etmirəm. Demək olar uyğunlaşmışam. Zamanla daha da yaxşı olacağına əminəm.

- Azarkeşlərin səndən gözləntisi böyükdür. Sənə 6 il “Qarabağ”ın formasını geyinərək azarkeşlərin sevimlisinə çevrilməyi bacaran Kevin Medinanın əvəzləyicisi kimi baxırlar. Buna hazırsan?

- Müdafiəçiyəmsə, üzərimdə hansı məsuliyyətin olduğunu bilirəm. Bilirəm ki, azarkeşlər mənə böyük ümidlər bəsləyir. Mən də onların eimadını doğrultmaq üçün var gücümlə çalışacağam. “Qarabağ”ın qazanacağı uğurlarda pay sahibi olmaq istəyirəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!