"Premyer Liqada qalmaq əsas hədəfimizdir" - MÜSAHİBƏ

20 İyul 20:20 Müsahibə 1 069
"Premyer Liqada qalmaq əsas hədəfimizdir" - MÜSAHİBƏ

"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Sportinfo.az-a müsahibə verib.

Təcrübəli mütəxəssis təlim-məşq toplanışı, yeni transferlər və gələcək planlar barədə danışıb.

- Təlim-məşq toplanışı necə keçir?

- Hazırlıq yaxşı keçir. Hər.şey qaydasındadır.

- 6 illik aradan sonra yenidən Premyer Liqa klubundasınız. Bu qədər uzun fasilə yaranmasına səbəb təklifin olmaması idi, yoxsa başqa səbəblər var?

- Əlbəttə, təkliflər olub. Həm Birinci Liqa, həm də Premyer Liqadan təklif gəlib. Müəyyən səbəblərə görə dəyərləndirməmişəm. Ümumən siz qeyd etdiyiniz kimi bu müddətdə də futbolda idim. Uzun müddət "Zirə"nin əvəzedici komandasında baş məşqçi oldum. Bir məşqçi kimi aktiv iş başında olmuşam.

- Akademiyadakı böyük təcrübəniz Premyer Liqada yeni gənclərə yol açmağınıza imkan verə bilər?

- Əvəzedici Liqada olan bütün oyunçuları demək olar yaxından tanıyıram. Hazırda da komandamıza gənc oyunçular cəlb etmişik. Amma ümumi baxası olsaq geniş seçim imkanımız yoxdur.

- Bu büdcə, qurulan heyət hansı hədəflər üçün yetərlidir?

- Hədəfimiz birmənalı şəkildə Premyer Liqada qalmaq və təcrübə toplamaqdır. Fikrimcə, büdcəmiz və heyətimiz istəyimizə çatmağa kömək edəcək.

- Sizinlə 3 illik anlaşma imzalanıb. Bu, sistemli, planlı işdən xəbər verir. Bu yöndə danışıq olub?

- Bəli, gələcəklə bağlı planımız var. 3 illik müqavilə də buna hesablanıb. Rəhbərliyin yaxşı fikirləri var. Bunun içində özümüzün stadionu, təlim-məşq bazamız, akademiyamız olacaq. Bu istiqamətdə işlər gedir. Düşünürəm ki, rəhbərliyin yanaşması futbolumuza töhvə verəcəklərinə ümid yaradır.

- Klubun yeni stadionu ilə bağlı işlər başlayıb?

- Bu istiqamətdə iş gedir. Hazırda yer axtarılır.

- Ev oyunlarını Sumqayıtda keçirəcəksiniz. Niyə Sumqayıt?

- Çox istərdim ki, köhnə adı ilə desək "Şəfa" stadionunda oynamağı istərdim. Hazırkı vəziyyətdə bu mümkün deyil. Ümumiyyətlə, futbolumuzda meydança problemi var. Sumqayıtda oynamağa qərar verildi. Mən özüm də bu varianta daha isti baxdım.

- Ölkə xaricinə getmədiniz, Qəbələ toplanışı baş tutmadı və Bakıda qalmalı oldunuz. Nə baş verdi?

- Komandamız komplektləşmədiyi üçün səfər xatirinə ölkə xaricinə getmək istəmədik. Qəbələ planımız isə sırf otel və meydança ilə bağlı səbəbdən alınmadı. İstədiyimiz saatlarda məşq vaxtı ala bilmədik. Belədə Bakıda qalmalı olduq.

- 6 il əvvəllə indiki Premyer Liqa arasında nələr dəyişib?

- Çox şey dəyişib. Mən işlədiyim dövrdə 8 komanda var idi, amma indi say 12-di. Bölgələrimizi təmsil edən klubların sayı artıb. Səviyyənin yüksəldiyi kənardan görünür. Həqiqətən arada fərq var.

- Həm də legioner limiti ləğv edilib. Bu qərar işinizə necə təsir edir?

- İstənilən baş məşqçinin rahat seçim aparması üçün limitin ləğvi rahatdır. Amma ümumi futbolumuza necə təsir edəcəyi barədə isə çox danışılıb. Bunu gələcək göstərəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!