“Güclü klub ilk növbədə öz akademiyasının yetirmələri ilə tanınmalıdır” - MÜSAHİBƏ

28 İyun 22:55 Müsahibə 643
“Güclü klub ilk növbədə öz akademiyasının yetirmələri ilə tanınmalıdır” - MÜSAHİBƏ

Uzun fasilədən sonra ötən mövsüm Premyer Liqaya qayıdan "İmişli" gözlənilənlərin əksinə olaraq liqada yerini qorumağı bacardı.

Yeni sezondan klub rəhbərliyi uşaq futboluna da diqqəti artırmağı qarşısına hədəf qoyub.

Bu yöndə atılan ilk addımlar belə deməyə əsas verir.

"İmişli" futbolunun simalarından sayıla. Ruhid Usubov əvəzedici komandaya baş məşqçi gətirildi.

Yeni yaradılan U-19 komandası Premyer Liqa təcrübəsi olan Vüqar Əsgərliyə həvalə olundu.

"Sabah", "Simurq", "İnter", "Sumqayıt", "Xəzər" kimi klublarda zəngin akademiya təcrübəsi olan Rövşən Babayev isə klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olundu.

Mütəxəssislə danışmaqda məqsədimiz də yeni təyinatı və gələcək planları barədə geniş məlumat əldə etmək idi.

Babayev Sportinfo.az- müsahibəsində bir çox vacib məqamlara toxundu, önəmli suallara cavab verdi.

- İlk olaraq yeni təyinatınız münasibətilə sizi təbrik edirik. “İmişli” akademiyasının koordinatoru təyin olunmağınızı necə dəyərləndirirsiniz?

- Təbrikə görə çox sağ olun. Bu təyinat mənim üçün ciddi məsuliyyətdir. "İmişli" rəhbərliyinin mənə göstərdiyi etimadı yüksək qiymətləndirirəm və bu etimadı doğrultmağa calışacam. Məqsədimiz akademiyada müasir futbol prinsiplərinə əsaslanan sistem qurmaq, istedadlı uşaqların inkişafı üçün sağlam mühit formalaşdırmaq və gələcəkdə əsas komandaya futbolçular qazandıracaq dayanıqlı akademiya modeli yaratmaqdır.

- İlk fəaliyyət planınız nədən ibarət olacaq?

- ilk növbədə akademiyanın bütün istiqamətləri üzrə geniş analiz aparacağıq. Daha sonra vahid oyun fəlsəfəsini müəyyənləşdirməklə, buna uyğun məşq metodikası və inkişaf strategiyası hazırlanacaq. Məqsədimiz həm də akademiya komandalarının məşq və oyunlarını əsas komandaya uyğun qurmaqdır. Gələcəkdə əsas komandaya cəlb olunacaq yetirmələrimizin orada daha tez uyğunlaşmaları üçün bu vacibdir. Eyni zamanda seleksiyaya xüsusi önəm veriləcək. Məşqçi heyətinin və futbolçuların fərdi inkişafı da planlarımıza daxildir. Məşqçilər nə qədər öz üzərlərində işləsələr, bu, futbolçuların da inkişafına müsbət təsir göstərəcək. Bir məqamı da qeyd edim, akademiyada çalışan məşqçilərin hamısı yerli olacaq. Bu da İmişlidə futbolun inkişafı üçün çox vacibdir.

- Akademiyanın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Akademiyada müəyyən baza və inkişaf üçün əlverişli potensial mövcuddur. Hesab edirəm ki, düzgün planlaşdırma, peşəkar idarəetmə və sistemli yanaşma ilə yaxın illərdə akademiyanı ölkənin nümunəvi futbol mərkəzlərindən birinə çevirmək mümkündür. Hazırda görüləcək işlər çoxdur. Problemləri müəyyənləşdirərək onları qısa zamanda aradan qaldırmağa çalışacağıq. Hələlik müəyyən yaş qruplarının İmişli ilə yanaşı Saatlı Olimpiya İdman Kompleksində də məşqlərini nəzərdə tutmuşuq. Bu gündən etibarən burada seleksiya məşqlərinə start verilib. 2007-2010-cu il təvəllüdlü futbolçuların akademiyaya və əvəzedici komandaya seçimi aparılacaq. Ardınca isə 14-16 yaşlı futbolçuların seleksiyasını aparacağıq. Bu bölgədə istedadlı uşaqlar çoxdur və onların kənarda qalmaması üçün əlimizdən gələni edəcəyik. Yeri gəlmişkən, Saatlı Olimpiya Kompleksindəki şərait məni yaxşı mənada təəccübləndirdi. Burada gənc nəslin idmanla və futbolla məşğul olması üçün əla şərait var. Həmçinin, kompleks rəhbərliyinə seleksiya işinin aparılmasında göstərdiyi dəstəyə görə ayrıca təşəkkür düşür.

- "İmişli"də uşaq futbolunun inkişafı ilə bağlı əsas hədəfiniz nədir?

- Bayaq qeyd etdiyim kimi, bölgədə, xüsusilə də İmişlidə istedadlı uşaqlar çoxdur. “İmişli” rəhbərliyi onların kənarda qalmaması üçün, gələcəkdə Azərbaycan futboluna qazandırmaq üçün böyük işlər görməyi hədəfləyib. Yolun başındayıq. Əsas məqsədimiz də məhz regionun istedad potensialını üzə çıxarmaqdır. İstəyirik ki, hər bir istedadlı uşaq özünü göstərmək üçün bərabər imkan əldə etsin. Bununla yanaşı, bölgədə futbol mədəniyyətinin inkişafı, valideynlərin maarifləndirilməsi və sağlam idman mühitinin yaradılmasını da qarşımıza məqsəd qoymuşuq. Əsas uşaqların vaxtlarını səmərəli və sağlam keçirmələri, pis vərdişlərdən uşaq olmalarıdır. Belə bir planımız da var: akademiyada uşaqların zehni cəhətdən daha yaxşı inkişafı üçün onların futbol məşqlərindən əlavə şahmat dərnəklərində də iştirakını nəzərdə tutmuşuq. Vacib olan amillərdən biri də uşaqların təhsilidir. Məlumdur ki, heç də futbolla məşğul olan gənclərin hamısı müxtəlif səbəblərdən peşəkar səviyyəyə yüksəlmir. Buna görə də onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında, savadlı böyümələrində təhsilə diqqət mütləqdir. Əlbəttə, bu işdə bizə valideynlər də dəstək olmalıdır.

- Seleksiya prosesi necə həyata keçiriləcək?

- Seleksiya davamlı və sistemli olacaq. Artq ilk seleksiya məşqləri başa çatıb. Ötən həftə Bakıdakı seleksiya xarakterli məşqlərdə U-19 komandamız üçün 544 futbolçuya baxdıq. Onlardan 14 nəfər bəyənilərək iyulun 1-də növbəti baxış məşqlərinə dəvət olundu. Məlumdur ki, U-19 komandası bu ildən qurulur. Komandanın baş məşqçisi təcrübəli Vüqar Əsgərovdur. İnanıram ki, bizim birgə fəaliyyətimiz akademiyamızın gələcəkdə uğur qazanmasına töhfə verəcək. Saatlıdakı seleksiya məşqləri barədə az öncə məlumat verdim. İyunun 30-da isə bu seleksiyanın davamı kimi İmişlidə akademiyanın aşağı yaş qruplarına seçimlər aparacağıq. Ümumiyyətlə, bu işi müntəzəm davam edəcəyik. İmişli və ətraf rayonlarda uşaqlara baxışlar keçiriləcək, məktəblərlə və idman müəssisələri ilə əməkdaşlıq genişləndiriləcək. İstəyirik ki, istedadlı uşaqları erkən yaşlardan müəyyən edək və onların inkişafını uzunmüddətli proqram əsasında izləyək.

- Region klubu kimi yerli futbolçuların inkişafına nə dərəcədə önəm veriləcək?

- Əsas məqsədimiz də yerli uşaqların kənarda qalmamasıdır. Geridə qalan müddətdə diqqətimi cəlb edən məqamlardan biri müraciətlərin həqiqətən artıq çox olmasıdır. Belə ki, Beyləqan, Mingəçevir, Ağsu, Ağdaş və digər yaxın rayonlardan valideynlər bizə müraciət edərək, övladlarının seleksiya məşqlərində iştiraknı istəyibər. Əlbəttə, müsbət cavab verilib və əgər bu rayonlardan gələn uşaqlarda bir balaca da olsa qığılcım görsək, onlara sevinə-sevinə kömək ediləcək. Bu, bizim əsas prinsiplərimizdən biridir. Bölgədə kifayət qədər istedadlı uşaqlar var. Akademiyanın əsas missiyası həmin futbolçuları aşkarlamaq, düzgün inkişaf etdirmək və gələcəkdə onları əsas komandaya qədər hazırlamaqdır. Güclü klub ilk növbədə öz akademiyasının yetirmələri ilə tanınmalıdır.

- Məşqçilərin inkişafı istiqamətində hansı addımlar atılacaq?

- Bu məsələ də klub prezidenti Kamran Eyyubovun xüsusi diqqətindədir. Yaxın gələcəkdə məşqçilərin oxuyaraq kateqoriyalarını artırmaları nəzərdə tutulub. Bunun üçün bütün xərcləri klub qarşılayacq. Məşqçilərin peşəkar inkişafı akademiyanın uğurunda da vacib amillərdəndir. Onların müasir futbol yeniliklərini izləməsi, seminar və təlimlərdə iştirakı, beynəlxalq təcrübədən faydalanması üçün davamlı iş aparılacaq. Savadlı məşqçi güclü futbolçu yetişdirir.

- Sizcə, Azərbaycanda akademiyalardan əsas komandaya futbolçu keçidinin zəif olmasının səbəbi nədir?

- Məncə, əsas problem uzunmüddətli strategiyanın tam formalaşmaması və gənc futbolçulara kifayət qədər etimad göstərilməməsidir. Akademiyanın işi qısamüddətli nəticələrlə ölçülməməlidir. Futbolçu yetişdirmək illər tələb edən prosesdir. Bu prosesdə səbir, ardıcıllıq və peşəkar yanaşma həlledici rol oynayır. Özüm bir neçə klubun akademiyasında çalışmışam. “Olimpik”, “İnter”, “Zaqatala”, “Keşlə”, “Sumqayıt”, “Turan Tovuz”, “Vətən”in adını çəkə bilərəm. Amma son iş yerim “Sabah”ı xüsusilə qeyd etmək istəyirəm. Orada akademiyada iş yüksək səviyyədə qurulub və əminliklə demək olar ki, “Sabah”ın akademiyası hazırda Azərbaycanda 1 nömrədir.

- Əsas komanda İmişlidə məskunlaşmır, bəs akademiyanın yerləşməsi necə olacaq?

- Bütün yaş qrupları İmişlidə olacaq. Məşq prosesinin daha da yaxşı aparılması məqsədilə bir neçə yaş qrupumuz hələlik Saatlıda məşq keçəcək. İmişli ilə Saatlı arasında məsafənin qısa olmasını nəzərə alsaq, bu, bizə və uşaqlara elə də problem yaratmayacaq. Yalnız U-19 komandamız Bakıda məskunlaşacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!