Futbolçular karantində nə edir? - “Hər gün yemək bişirirəm”: FOTOLAR

1 Aprel 2020 20:10 Azərbaycan Futbolu 741
Futbolçular karantində nə edir? - “Hər gün yemək bişirirəm”: FOTOLAR

Koronavirusun sürətlə yayılması idmana da böyük zərbə vurdu.

Sportinfo.az xəbər verir ki, xüsusən futbol və futbolçular bundan əziyyət çəkdi.

Bütün dünyadakı kimi Azərbaycanda da Premyer Liqa dayandı və futbolçular karantin vəziyyətində qalmağa məcbur edildi. Bəs, futbolçular karantin rejimində nə ilə məşğul olurlar.

Bir neçə yerli və əcnəbi futbolçularımıza bu barədə sual ünvanladıq İqafqazinfo). Cavablar isə maraqlıdır:

“Qarabağ”ın futbolçusu Filip Ozobiç küçəyə çıxmadığını və sevgilisi Xorvatiyada olduğu üçün evləri tək təmizlədiyini bildirib: “Ümid edirəm ki, bu virus tezliklə bitər. Hər kəs işinin başına qayıdar və dünyanın maraqla gözlədiyi futbol yarışları öz axarına qayıdar. Mən də evdən mümkün qədər çıxmıram. Elə evdə məşq edirəm, yatıram, dururam. Sevgilim də burada olmadığı üçün evləri də tək təmizləyirəm, yemək də bişirirəm”.

“Zirə”nin kapitanı Cavid Hüseynov isə karantin rejimində uşaqların daha çox darıxdığını bildirib: “Virusla bağlı düşüncələrim odur ki, hər kəs kimi mən də evdə oturmuşam. Evdən çıxmırıq, karantin rejiminə əməl edirik. Marketə gedib gələndən sonra spirtlə, qaynar suda əllərimizi təmizləyirik. Evdə özümüzə yer tapa bilmirik. Ən çox uşaqlar darıxır. Evdə uşaqlarla birlikdə məşq də edirik. Əlimdən ev işləri də gəlmir, yoxsa ev təmizləyib, yemək bişirərdim”.

“Keşlə”nin futbolçusu Şahrux Qadoyev Özbəkistanda da vəziyyətin ciddi olduğu barədə danışıb: “Özbəkistanda vəziyyət ciddidir. Maskasız gəzənləri cərimələyirlər. Mən də Bakıda qorunuram. Evdəyəm və bütün günümü ailəmlə keçirirəm, oğlumla oynayıram. Ev işləri də görürəm və həyat yoldaşıma kömək edirəm”.

“Zirə”nin qapıçısı Boyan Zoqoviç hər gün yemək bişirdiyini bildirib: “Bu virusdan qurtulmaq üçün məsuliyyətli olmalı və özümüzü də, başqalarını da qorumalıyıq. Qlobal bir problemdir və hamımız birlikdə virusun qarşısını almalıyıq. Özüm də karantin rejiminə əməl edirəm. Güclü məşq edirəm və binada qaçıram. Çölə çıxmaq mümkün deyil. Həyat yoldaşıma kömək edirəm və hər gün başqa yemək bişirirəm. Qızımı saxlayıram. Nikbinəm və ümidliyəm”.

“Sabah”ın müdafiəçisi Filip İvanoviç ailəsi ilə zaman keçirdiyi və ev işlərində də həyat yoldaşına yardım etdiyini açıqlayıb: “Ümid edirəm ki, virus tez bir zamanda sona çatacaq və hamımız normal həyata qayıdacağıq. Bugünə qədər bütün təlimatları izləmişəm və mümkün qədər riskdən kənarda qalmağa çalışmışam. Evdə qalmaqla ailəmlə vax keçirirəm. Bütün ev işlərində həyat yoldaşıma kömək edirəm. Düzdür, mən hər zaman ev işləri görmüşəm, lakin indi daha çox edirəm. Ailə böyük sərvətdir və onların yanında olmaq üçün zamandan həmişə istifadə etmək lazımdır”.

“Keşlə”nin hücumçusu Ruslan Qurbanov daha çox qızı ilə vaxt keçirdiyini, ev işlərini isə həyat yoldaşı və qayınanasının öhdəsinə buraxdığını deyib: “Virusdan qorunmaq üçün evdə vaxt keçirirəm. Heç yerə getmirəm, daha çox qızımla oynayıram, onunla komputer oyunları oynamağa üstünlük verirəm. Ümid edirəm ki, bütün insanlar sağalacaq. Evdə həyat yoldaşım və qayınanam var, bütün ev işlərini onlar görürlər deyə mənə heç nə qalmır. Daha bir köməkçiləri də - qızım da böyüyür. Mən daha çox qızımla vaxt keçirməyə üstünlük verirəm”.

“Qarabağ”ın qapıçısı Vaqner Silva vəziyyətin ciddiliyindən söz açıb: "Koronavirus xəbəri yayılandan bəri narahat olmağa başlamışdım. İndiki vəziyyət məni daha çox kədərləndirib. Hamı ehtiyatlı olmalıdır. Yer üzündəki bütün ölkələr bu virusdan ziyan görüb. Heç vaxt buna bənzər hadisə ilə rastlaşmamışam. Sevdiklərimizin sağlamlığına zərər dəyəcək deyə narahatlıq var. Kimsə virusun qurbanı ola bilər. Braziliyada vəziyyət qəlizdir. Virusun yayılması bir problemdir, digər problem də şirkətlər fəaliyyətini dayandırırlar və işsizlər çoxalır. İqtisadi olaraq da dünyaya ziyan deyir. Dua edirəm ki, bu kabus bitsin. Qısa müddətdə hamı normal həyata qayıtsın. Vəziyyəti ciddi qəbul etməliyik. Hamı izolyasiya olunub, qapanıb. Eyni zamanda birlik nümayiş etdirmək lazımdır.

Mən də evdə qalıram, qorunuram. Ailəmlə vaxt keçirirəm. Həyat yoldaşıma kömək edirəm. Təkcə, koronavirusa görə deyil, evdə həmişə yoldaşıma kömək etmişəm, bəzən yeməkləri mən bişirirəm, bəzən o. Üstəlik, qızıma koronavirusa görə onlayn dərslər keçirilir. Həm başımız ona qarışır, bədən tərbiyə dərslərinə də ailəlikcə qoşuluruq. O hərəkətləri edirik ki, qızıma rahat olsun”.

Xəbər Lenti