Qurban Qurbanov və onlar - Milyonlar qazananlar, harda gizlənmisiz?

31 Mart 2020 21:20 Azərbaycan Futbolu 992
Qurban Qurbanov və onlar - Milyonlar qazananlar, harda gizlənmisiz?

Son üç ayda dünyanı yerindən tərpədən koronavirus pandemiyasına yoluxanların sayı günbəgün artır, hər bir dövlət insanlarını qorumaq üçün daha sərt addımlara əl atmaqdadı.

Heç şübhəsiz, məlum təhlükə Azərbaycandan da yan keçmədi.

İranla qonşu olmağımız COVİD-19-un ölkəmizə “ayaq açmasını” tezləşdirincə xeyli adam karantinə alındı, bir nəfər dünyasını dəyişdi. Belə vəziyyətdə dövlət rəhbərliyi müxtəlif qabaqlayıcı tədbirlər görməyi özünə borc bildi. Digər şəhər və rayonlarla yollar bağlandı, alış-veriş mərkəzlərinin, restoranlarin, ümumiyyətlə, insanların toplaşdığı yerlərə giriş yasaqlandı, məktəblərdə və iş yerlərində tətil elan olundu.

Belə həssas məqamda insanların bir-birinə münasibətini görmək maraqlı və sevindirici haldı. Martın 19-da ölkə başçısı İlham Əliyevin təşəbbüsü əsasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı ki, virusun qarşısının alınması və sağlam insanların qorunması üçün ilk dəstək də elə dövlətdən gəldi. Dəqiq desək, Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrıldı. Çox keçmədən, sahibkarlar, idarə və təşkilatlar, fiziki və hüquqi şəxslər də əlindən gələn dəstəyi göstərməklə birlik nümayiş etdirdi.

Sevindirici haldı ki, fonda pul köçürənlər arasında idman təsərrüfatından tanıdığımız adamlar da var. Dünyanın hər yerində ən yaxşı qazananların siyahısında idmançıların adına rast gəlmək mümkündü. Elə bizdəki durum da eynidi. İdmançılar, futbolçular, müxtəlif idman növlərindəki əsas söz sahibləri bu cür xeyirxah əməllərlə yadda qalır, bacardıqları qədər maddi dəstək verməyə çalışırlar. Fiziki və hüquqi şəxslərin siyahısına göz gəzdirməklə fonda dəstək verənlərin arasında kimlərin olduğunu üzə çıxarmağa çalışdıq.

Siyahıda Elxan Məmmədov ad-soyadını görmək mümkündü. AFFA-nın baş katibi və icraçı-vitse prezidenti futbol ictimaiyyəti arasında “evdə qal, sağlam qal” kampaniyasına start verdiyi kimi, burda da fəallıq göstərib. Məmmədov 4000 manatından keçib. İllərdi futbola fayda verməkdə çətinlik çəkən birinin futboldan qazandığı pullar hesabına pandemiya ilə mübarizə üçün müəyyən vəsaitindən keçməsi alqışalayiqdi.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da bu çətin günlərdə xalqın yanında olduğunu göstərib. Neft sahəsindəki fəaliyyəti ilə tanınan Məmmədov hesabındakı pullardan 5000 manatı virusla mübarizə üçün keçirib.
AFFA-nın İcraiyyə Komitəsinin bir başqa üzvü, eyni zamanda “Sabah”ın Müşahidə Şurasının sədri Firudin Qurbanov da fəallıq göstərənlər arasındadı. Təhsil nazirinin müavini cibinin 1500 manatını dünyanı silkələyən xəstəliklə mübarizə üçün xərcləyib.

“Qarabağ”ın futbolçuları da koronavirusa dəstək olmağı özlərinə borc bilib. Futbolçuların topladığı 50 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. Burdakı diqqətçəkən məqama toxunmamaq olmaz. Nədənsə köçürmə olan ilk günlərdə pulun “Qarabağ”ın adından ödəndiyi göstərilmişdi. Ancaq iki gün əvvəl təkrar göz gəzdirəndə 50 min manatın kapitan Rəşad Sadıqovun adından köçürüldüyü üzə çıxdı. Klubun mətbuat katibi Nurlan İbrahimovdan müəmmanın səbəbini öyrənmək istəsək də, həmkarımız konkret söz deyə bilmədi.

Bu cür aksiya ola, Qurban Qurbanov kənarda qala?! Həssaslığı, insani keyfiyyətləri ilə daim ön planda olan “Qarabağ”ın çalışdırıcısı da insanların virusa yoluxmaması, yoluxanların tezliklə ayağa qalxması üçün şəxsi büdcəsindəki 20 min manatdan keçməli olub.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov da aksiyada fəallıq göstərənlər arasındadı. Ağdamlıların rəsmisi koronavirusla mübarizəyə dəstək məqsədi ilə 2500 manatından keçib.

Ölkənin ən köklü klublarından sayılan “Neftçi”nin idman direktoru çətin gündə nəcib addımla yadda qalıb. Futbolçu kimi vaxtilə imkanlı klubların sıralarında olmuş Ceyhun Sultanov fondun hesabına 1000 manat köçürüb.

Alqışalayiq addım atanların arasında Kamran Ağayev ad-soyadı da var. Futbolçu Kamran Ağayevdisə, sözün əsl mənasında təəccüblənməyə dəyər. Xeyli vaxtdı futbolsuz qalan birinin belə bir durumda əlini cibinə salması inandırıcı görünməsə də, inanaq ki, bu, vaxtilə dövlətin və sahibkarların futbola ayırdığı böyük pulların bir hissəsini kartına köçürən həmin Ağayevdi. Atasının adını göstərməməsi də elə bu adamın futbolçu Kamran Ağayev olduğuna dəlalət edir. Köçürdüyü məbləğ isə 1000 manatdı.

Siyahıda Zaur Hacı-Məhərrəmovun olması diqqəti çəkməyə bilməzdi. Ölkədə bəlkə də bu ad-soyadda yeganə şəxs olan AFFA rəsmisi də səxavət göstərib. O, kartındakı məbləğin 50 manatını insanlara yardım məqsədi ilə fonda köçürüb.

Nigar Arpadarai isə idman sahəsindəki zərif cinsin nümayəndələri arasında xeyirxah əməllə seçilən yeganə şəxsdi. Ölkəmizdə “Formula-1” yarışının təşkilatçılığına cavabdehlik daşıyan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru olmuş, ötən ay millət vəkili seçilmiş Nigar xanım fonda 300 manat keçirib.

Təkbətək idman növlərindən də fərqlənən var. Bu, Olimpiya, dünya və Avropa çempionu Elnur Məmmədlidi. “Şəhrət Ordeni”nə sahib cüdoçu aksiyada iştirak etmək üçün 1000 manatından keçib.

Ümumi mənzərə ilə tanış olduz. Ola bilsin, geniş siyahıda kim(lər)insə adı gözdən yayınsın və ya yadım edən özünün yox, rəhbərlik etdiyi firmanın, şirkətin adını göstərsin. Lakin yaranmış vəziyyət heç bir halda ürəkaçan deyil.

Ölkə rəhbərliyi illərdi idmanın inkişafı üçün idmançı və məşqçilərə saymaqla bitməyəcək qədər vəsait ayırmaqdadı. Sağlıqlarına qismət, böyük əksəriyyəti özü üçün lazım olan şəraiti qurub.

Məmləkətin bu cür çətin günündə firavan həyat yaşayanların çəkilib kənarda durması, 100-200 manat qıymaması acı mənzərədi. Ümid edək ki, qazandıqlarını bahalı avtomobillərə, gözəl xanımlara, əyləncə məkanlarına xərcləyən futbolçular özlərində güc tapıb fonda pul köçürəcəklər (Futbol+).

Koronovirusla Mübarizə Fonduna yardım edənlərin sırasına “Sabah” futbol klubu da qoşulub. Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi fonda 50 000 AZN məbləğində ianə edib.

Bu məbləğ klubun futbolçuları, məşqçilər heyəti və digər əməkdaşları tərəfindən yığılaraq ödənilib. Həmçinin, “Sabah”ın klub televiziyası “Bir olaq, koronavirusla birlikdə mübarizə aparaq” devizi ilə dəstək xarakterli videoçarx hazırlayıb.

Klubun məşqçiləri və futbolçuları “Sabah” klubu olaraq koronovirusla mübarizədə gecə-gündüz çalışan həkimlərə, həmçinin digər görünməyən qəhrəmanlara təşəkkür edib, bu mübarizədə onları heç vaxt tək qoymayacaqlarını və daim dəstək olacaqlarını bildiriblər.

Xəbər Lenti