"Klubsuz qaldığı üçün haradan təklif alsaydı, onu da qəbul etməliydi"

6 Mart 2020 22:00 Zirə 944
"Klubsuz qaldığı üçün haradan təklif alsaydı, onu da qəbul etməliydi"

Sportinfo.az xəbər verir ki, Emil Balayev iki gün öncə “Zirə”yə transfer olundu.

Ötən ilin əvvəlində “Səbail”dən “Tobol”a keçən 25 yaşlı qapıçı komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Kostanay təmsilçisindən ayrıldı.

“Tobol”dakı uğurlu çıxışından sonra onun karyerasını Avropada davam etdirəcəyi gözlənilirdi. Futbolçunun adı bir neçə xarici klubla yanaşı çəkilirdi. Balayev son olaraq Norveçin “Bude-Qlimt” klubunda baxışda oldu.

Amma az məvacib təklif olunması “çərçivə qoruyucusu”nu qane etmədi. Bir müddət Bakıda fərdi məşqlə kifayətlənən qapıçının son qərarı “Zirə” oldu. Onun bu qərarı futbol ictimaiyyəti, futbol azarkeşləri tərəfindən birmənalı qarşılanmadı.

Çoxlarının fikrincə, Emilin Azərbaycana qayıtması səhv addımdı. Potensialı Avropanın ortabab klublarında oynamaq üçün yetərli olan yığma üzvünün premyer-liqaya qayıtması, əlbəttə, karyerasında geriyə addımdı.

Bununla yanaşı, Emilin oyun təcrübəsini itirməmək üçün bu addımı atdığı, əsas məqsədinin yenidən legioner həyatı yaşamaq olduğu da hər kəsə məlumdu.

Balayevin məlum qərarı ilə bağlı fikirlərini öyrənmək üçün sabiq qapıçılara müraciət etdik. Vitali Kovalyov Emilin oyun praktikası qazanmaq üçün Azərbaycana qayıtdığını, “Bude-Qlimt”in təklifindən imtina etsə də, yenidən legioner həyatı yaşayacağını dedi:

“Emil Balayev ilk növbədə yaxşı, peşəkar qapıçıdı. Məncə, düz qərar verib. Bildiyimə görə, “Zirə” ilə müqavilə 3 aylıq nəzərdə tutulub. Yayda başqa klublara transfer olunmaq daha asandı.

Emili tanıyıram, onun əsas fikri hər zaman legioner həyatı yaşamaq, özünü xaricdə göstərmək olub. Onunla çalışmışam, yaxşı tanıyıram. Həm qapıçı, həm də insan kimi necə biri olduğuna bələdəm.

Düşünmürəm ki, Azərbaycana qayıtması onun üçün geriyə addım olsun. İlk növbədə Emil millinin qapıçısıdı. Bu da bir növ marka kimidi.

Digər tərəfdən isə Qazaxıstana da Azərbaycan çempionatından getdi. O, hələ gəncdi, 25 yaş bir qapıçı üçün böyük yaş hesab olunmur. Düşünürəm ki, yenidən Avropada oynaya bilər”.

Elşən Poladov da Balayevin “Zirə”yə keçidinin praktika qazanmaq məqsədi daşıdığını söylədi: “Düşünürəm ki, hazırda klubsuz qaldığı üçün hansı klubdan təklif alsaydı, onu da qəbul etməliydi. Vacib olan oyun praktikasının itməməsi idi.

Nəzərə alaq ki, o, milli komandanın da qapıçısıdı. Formasını itirməmək üçün mütləq hansısa kluba keçməliydi. “Zirə” də pis komanda deyil. Seçim Emilin idi, o da bu klubu seçdi.

Norveçdən təklif almışdı, amma orda oynayıb-oynamayacağı məlum deyildi. “Zirə”də isə oynamaq şansı 90 faizdi. Bu, mənim şəxsi fikrimdi” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!