Rəşad Sadıqov "Zirə"dən getməlidir?

20:40 Zirə 176
Rəşad Sadıqov "Zirə"dən getməlidir?

Rəşad Sadıqov niyə istefa vermədi?

"Sabah"a ağır məğlubiyyətdən sonra (0:5) sosial şəbəkələrdə bu sualı verən az deyildi.

Mən isə həmin insanlara əks sualla müraciət etmək istəyirəm - Rəşad Sadıqov niyə istefa verməlidir?

“Sabah”a 0:5 hesablı məğlubiyyətə görəmi? Məncə, bu, məntiqli deyil.

Ümumiyyətlə, Valdas Dambrauskas və Qurban Qurbanovla Rəşad Sadıqovun müqayisə olunmasını da ədalətli hesab etmirəm.

“Sabah”ın və “Qarabağ”ın büdcəsi “Zirə” ilə müqayisə oluna bilərmi? Təbii ki, yox.

Bu komandaların heyətindəki futbolçuların keyfiyyəti eyni səviyyədədirmi? Yenə də yox.

Fərqli keyfiyyətə, fərqli kəmiyyətə və fərqli büdcəyə sahib komandaların baş məşqçilərini eyni tərəziyə qoymaq nə dərəcədə doğrudur?

Razıyam, “Zirə” “Sabah”la oyunda daha layiqli mübarizə aparmalı, daha döyüşkən futbol nümayiş etdirməli idi. 0:5 hesablı məğlubiyyət, əlbəttə, ağır nəticədir. Amma bunu birbaşa baş məşqçinin istefasına çevirmək, düşünürəm ki, doğru deyil.

Zaman-zaman Rəşad Sadıqovu mən də az tənqid etməmişəm. Hətta bəzən düşünmüşəm ki, altı il ərzində çalışdırdığı “Zirə”ni daha yaxşı səviyyəyə gətirib çıxara bilərdi.

Amma bir az kənara çəkilib statistikaya və nəticələrə baxanda mənzərə tam fərqli görünür.

Rəşad Sadıqovun “Zirə”si, bir-iki mövsümü nəzərə almasaq, digər mövsümlərdə əsasən ya “Qarabağ”ın, ya da “Sabah”ın gerisində qalıb.

Digər komandaları isə turnir cədvəlində nəticə etibarilə üstələyib.

Deməli, ortada altı illik bir fəaliyyət və müəyyən nəticələr var.

Tənqid etmək olar, daha yaxşısını tələb etmək də olar.

Amma bir 0:5 hesablı məğlubiyyətə görə “istefa verməlidir” demək üçün bu nəticələr kifayət qədər əsas yaratmır.

Əgər məntiqimiz belə olacaqsa, onda “Sabah” və “Qarabağ” da avrokuboklarda hansısa oyunda böyük hesabla uduzanda Dambrauskası və Qurban Qurbanovu istefaya çağırmalıyıq. Halbuki bunun da məntiqli olmadığını hamımız bilirik.

Bəzən elə bil reallıqları unuduruq. Komandaların imkanlarını, büdcəsini, heyətinin keyfiyyətini bir kənara qoyub yalnız hesabı görürük.

Amma futbol təkcə hesabdan ibarət deyil. Tənqid olmalıdır, tələb də olmalıdır. Sadəcə, hökm verərkən reallıqları da nəzərə almaq lazımdır.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti