"Zirə"nin hücumçusu Eren Aydın Premyer Liqanın 4-cü turunda "Sabah"a ağır məğlubiyyətdən sonra (0:5) Sportinfo.az-a müsahibə verib.
– Karyeranızda belə bir oyun olmuşdu?
– Təbii ki, olub. “Qalatasaray”da da belə hallar yaşadım, hazırlıq oyunlarında da oldu, aşağı liqalarda da belə matçlar keçirmişəm. Belə oyunlar asan olmur. Hamımız bundan nəticə çıxarmalıyıq. Qarşımıza baxmalı və bundan sonra ən yaxşı şəkildə mübarizə aparmalıyıq.
– Belə bir oyundan sonra toparlanmaq üçün nə etmək lazımdır?
– Açığı, bu barədə təcrübəm var. 1:0 hesablı məğlubiyyət mənim üçün bəzən daha ağır olub. “Payde” ilə oyundan sonra mübarizədən kənar qaldığımız üçün iki həftə özümə gələ bilməmişdim. Belə məğlubiyyətlər daha ağır ola bilir. Amma 5:0 hesablı oyundan sonra da qarşımıza baxmalıyıq. Nəyi səhv etdik, nəyi düzgün etdik – bunları analiz etməli və inkişaf etməliyik. Əsas olan qarşıya baxmaqdır.
– Qarşıda isə daha iki ağır oyun var – “Qarabağ” və “Turan Tovuz ”. Bu nəticə həmin oyunlara təsir edə bilər?
– Mən bunun bizə çox mənfi təsir edəcəyini düşünmürəm. Çünki “Sabah” çox yaxşı komandadır və çox yaxşı futbol oynayır. Qarşıdakı oyunlarda əlimizdən gələn mübarizəni göstərmək və yolumuza düzgün şəkildə davam etmək istəyirik.
– Oyundan sonra baş məşqçinin münasibəti necə oldu?
– Məşqçi oyundan sonra futbolçulara yenidən ruh verdi, heç kimə əsəbiləşmədi. Çünki futbol belədir, belə nəticələr ola bilər. Böyük komandalar da bəzən 5-6 qol buraxa bilir. Nəticədə bu, futboldur. Qarşımıza baxmalı, ən yaxşı şəkildə mübarizə aparmalıyıq. Bundan sonra da yolumuza davam edəcəyik.
XANOĞLAN İMANOV
