“Hər iki komandanın qələbə qazanmaq üçün şansları var idi məncə ədalətli bir nəticə oldu”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə” – “Qarabağ” oyunu barədə danışan Hüseynəli Quliyev bildirib.
Premyer Liqanın 5-ci turu çərçivəsində baş tutan qarşılaşmada meydan sahibləri hesabı açsa da, ağdamlılar status-kvonu bərpa etməyi bacardı.
Halbuki “qartallar” qələbəyə daha yaxın idi. Bəzi epizodlarda “Zirə”nin futbolçuları dəqiq oynamadı, bəzi anlarda Martin Zlomisliç qapıda etibarlı olduğunu göstərdi.
“Zirə”də debüt matçına çıxan qapıçı qələbə hesabını qoruya bilməməklə bağlı konkret səbəb göstərməkdə çətinlik çəkdiyini deyib:
“Mənim üçün “Zirə”nin heyətində ilk oyun olduğu üçün daha anlamlı oldu, əlimdən gələni etdim, şükür ki, pis alınmadı. Əslində, həyəcan yox idi, sadəcə məsuliyyət hiss edirdim.
“Qarabağ” kimi komandaya qarşı oynamaq əlavə motivasiyadır. Çünki “Qarabağ” Avropa səviyyəli komandadır,
Bizim üçün də önəmli bir oyun idi. Bundan əvvəlki məğlubiyyəti unutmaq üçün düşünürəm ki, meydanda yaxşı mübarizə apardıq.
Qələbəyə bir çox amillər mane ola bilər. Yəqin ki, bu barədə daha ətraflı analizlər olacaq. Xal qazanmaq ya itirmək mövzusuna gəldikdə, deyə bilərəm ki, açıq futbol gedirdi.
Qələbə qazana bilərdik, məğlub da ola bilərdik”.
HƏBİB
