Rəşad Sadıqov: "Bu dəqiqə o qədər stress, fikir, iş var ki..." - VİDEO

9 May 2022 11:20 Zirə 900
Rəşad Sadıqov: "Bu dəqiqə o qədər stress, fikir, iş var ki..." - VİDEO

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 26-cı turunun "Qarabağ"la oyunu (0:0) barədə sualları cavablandırıb.

- Bizim üçün ağır oyun keçdi. Altıncı dəfə idi ki, 4-5 gündən bir oyuna çıxırdıq. Zədəlilərimiz, itkilərimiz, yorğunluğumuz var. Sevindirici hal odu ki, futbolçularım iradəsini ilk dəqiqələrdən meydanda göstərdi. Hiss olunurdu ki, sona qədər mübarizə apararaq buradan qələbə və ya ən azından bir xalla ayrılmaq istəyirlər. Şükürlər olsun ki, sonda bunu bacara bildik. Rəqibin səhvləri də oldu, amma onlardan yararlana bilmədik. Oyunu üzərinə götürən futbolçular son ötürmələrdə daha inamlı oynasaydılar, bəlkə də tam fərqli nəticə ola bilərdi. Futbolçularımı təbrik edirəm, yorğunluq və psixoloji yükləmə ilə səfərdə "Qarabağ"a qarşı oyundan bir xalla ayrılmaq da pis nəticə deyil. Amma təbii ki, ötən turda qalib gələrək avrokuboklara vəsiqəni təmin edib, növbəti oyunlara daha rahat çıxıb, finala da daha rahat hazırlaşa bilərdik. Bizim üçün bir xal da pis nəticə deyil. Qarşıda bizi vacib oyunlar gözləyir.

- Bu oyuna görə kubokun finalının ssenarisini qurdunuz?
- Elə fikirlər var ki, hamısını tam olaraq mətbuat konfransında səsləndirmək olmur. Hazırda bütün fikrimizi çempionata yönəltmişik. Çünki dəyərli oyunlarımız var. Ötən tur qalib gəlib və ya bərabər qalsaydıq, avrokuboklara vəsiqəni müəyyən mənada təmin edərdik. Finala daha rahat hazırlaşa bilərdik. Baxırsan ki, "Qarabağ" futbolçularına rahat şəkildə istirahət verə bilir. Amma biz məcburuq ki, bütün qüvvə ilə mübarizə aparaq. Bu baxımdan rəqibin finalda üstünlüyü olacaq. Amma indi final haqda yox, çempionat barədə düşünürük. Çünki əsas məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdı. Görək də, növbəti oyunlarda necə olacaq.

- Təmkin Xəlilzadə və Mehdi Cənətovun durumu nə yerdədi? Filip Paxtman nə vaxt oynayacaq?
- Mehdi 2-3 həftəlik zədələnib. Final oyununa çatdıracaq ya, yox bilmirik. Çempionatı isə böyük ehtimalla başa vurub. Bəlkə də "Şamaxı" oyununa özünü çatdırar. O da çətin görünür. Təmkinə gəldikdə, o da bəlkə "Neftçi"yə qarşı oynadı. Dəqiq bilinmir. Onun da durumu müəyyən deyil. İki-üç həftə oynamayacağı deyilmişdi, artıq 10 gün geridə qalıb. Paxtmana gəldikdə, fərdi məşqlərini edir. Ondan sonra kollektivə qoşulacaq. Eyni yerdən zədələndə, futbolçu istər-istəməz psixoloji cəhətdən də sarsılır. Paxtmanda bunu hiss edirik, ona görə də qəti şəkildə onu tələsdirmək istəmirik. Yaydan sonra müqavilə müddətini uzatsaq, istəyirik ki, tam sağlam şəkildə kollektivlə məşqlərini etsin. İndi risk etmək istəmirik.

- Hər hansı möcüzə olmasa avrokuboklarda iştirak edəcəksiniz. Heyətlə bağlı dəyişiklik gözlənilir?
- Qəti şəkildə sizinlə razı deyiləm. Bu barədə heç düşünmürəm. Mənə futbolçu təklif ediləndə də, deyirəm ki, indi baxa bilmərəm. Çünki bütün fikrimiz çempionatdadı. Konfrans Liqasına vəsiqə qazansaq, futbolçulara baxacam. "Sabah"la xal fərqi 4-ə endi. "Neftçi" və "Şamaxı"ya qarşı vacib oyunlarımız var. Öncədən proqnoz vermək düzgün olmaz. Gərək sona qədər konsentrasiyamızı itirmiyək.

- Avrokuboklara vəsiqə təmin edilsə necə, büdcənin artması gözlənilir?
- Bilmirəm. Xasiyyətimi bilirsiniz. Bunlar bəlli olduqdan sonra istiqamətimizi müəyyənləşdirəcəyik.

- Davit Volkov "Zirə"də oynayaraq Gürcüstan millisinə dəvət almağa başladı. Sizə elə gəlmir ki, o, milliyə dəvət olunduqdan sonra həminki Volkov deyil?
- O, elə həminki çalışqan, zəhmətkeş, intizamlı Volkovdu. Çempionatın ən sərrast oyunçususansa, sənə diqqət də fərqli olur. Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Kevin Medina da bu gün Volkova qarşı xüsusi diqqətlə oynayırdı. Bu, normal haldı. O da buna adaptasiya olmalıdı ki, ona əvvəlki Volkov gözü ilə baxmayacaqlar. Gürcüstan millisində oynayır. Bundan sonrakı mərhələ Volkov üçün daha çətin olacaq. Artıq daha soyuqqanlı, daha çox peşəkar olub, daha çox çalışmalıdı. Düşdüyü vəziyyətə uyğun olaraq doğru davranmalıdı. Oyun planında problemi yoxdu. Düşünürəm ki, əvvəlki kimi qollarını sıralayacaq. "Sumqayıt"la matçda bizim üçün çox vacib qol vurdu. "Neftçi" ilə matçda çox vacib məqamda penaltidən istifadə etdi. Məncə, Volkov növbəti turlarda da çox vacib qollarımıza imza atacaq

- Komandada qalmaq perspektivi nə qədərdi?
- Bu barədə heç danışmamışıq. Ona qışda çoxlu təklif gələndə söhbət etdik. Dekabrın sonları idi və onun fikrini bilmək istəyirdim. O da dedi ki, ən azından yaya qədər komandada qalmaq istəyirəm. Ondan sonra da bu barədə danışmamışıq. Mən də işimi bilmək baxımından soruşurdum ki, görüm getmək istəyirsə başqa hücumçu axtaraq. Elə olmadı, yolumuza davam etdik. Hər şeyə vaxt olacaq. Əsas odur ki, işimizə köklənək.

- "Kəpəz" və "Turan" yeni mövsümdən Premyer Liqada çıxış edəcək. Son zamanlar Azərbaycan futbolunda baş verənlər sizin üçün nə ifadə edir?
- Bu dəyişiklikləri, say artımını çoxdan gözləyirdik. "Kəpəz" və "Turan"ın yüksək liqadakı çıxışını da çoxdan gözləyirdik, istəyirdik. Şükürlər olsun ki, sonda bu baş verdi. Futbolumuza yalnız faydası olacaq. Cavanlar onu xatırlamaz, amma əvvəl milli komandanın 40-50 faizini Tovuz, Gəncə, Şəmkir, Qazaxdan çıxan futbolçular təmin edirdi. İndi nadir hallarda həmin bölgələri təmsil edənlərlə qarşılaşırıq. Faydası olacaq, amma müəyyən də zaman alacaq. Oradan hər hansı uğurlar və ya tez bir zamanda futbolçu gözləmək də düzgün deyil. Müəyyən vaxt itkimiz var. Onu bərpa etmək üçün də zamana ehtiyacımız var. Ən vacibi oradakı infrastruktur və şəraitin hansı durumda olmasıdı. "Turan Tovuz"un süni örtüklü meydançasının və "Kəpəz" stadionunun ot örtüyünün vəziyyətinə də diqqət etmək lazımdı. Premyer Liqa müəyyən vəziyyətə gəlib. Tam da olmasa, ora gələn komandalar şərtlərlə, şəraitlə ayaqlaşmalıdı. Maddiyyat baxımından...Mətbuatdan biz də oxuyuruq, qarşımıza çıxır. Ondan qorxmaq lazım deyil. Hər iki komandada döyüşkən və əzmkar kollektiv formalaşdıracaqlar. Bundan əminəm. Mütləq şəkildə çempionatımıza rəng qatacaqlar.

- "Zirə" üçün səfər matçları sona çatdı. Komanda üçün səfər matçlarında xüsusi nəsə diqqətinizi çəkdi?
- Düzü, bu barədə düşünməmişəm. Maksimum çalışmışıq ki, ev və səfər oyunlarımızda fərq olmasın. "Zirə"yə gəldikdən sonra görürdüm ki, ev oyunlarımız daha çətin keçir. Qarşıda 2 oyun evdədi, bizim üçün əlavə üstünlükdü. Komandalar bir-birinə elə çox uyğunlaşıb ki, səfərdə üstünlük yarada bilmirsən. Azarkeş 5-10 min olsa, müəyyən üstünlük yaranar. Maksimum nəticə qazanmaq istəyirik.

- Futbolçu karyeranızı sona çatdırdıqdan sonra ilk dəfədir ki, "Qarabağ" çempion oldu. Hansı hissləri keçirdiniz?
- Bu barədə heç düşünməmişdim. İlk dəfə deyəndə, karyeramı yeni başa vurmuşam. Təbii ki, komandada olanda fərqli hisslər olur. Amma təbii ki, indi bütün fikirlərim "Zirə" ilə bağlıdı. Bu dəqiqə o qədər stress, fikir, iş var ki. "Qarabağ"la yaxın izləyiciləri arasında xal fərqi çox yaranmışdı deyə, o qədər gözlənilməz olmadı. Sanki normal qarşıladım.

- Ahmed Ayzayanın az-az oynamasının səbəbi nədi?
- Rotasiyalar edirik. Son iki oyunda Qismət Əliyevi oynatmaq istəməzdim. Sadəcə Təmkin Xəlilzadə zədəli idi deyə, məcburiyyətdən Qisməti oynatdım. Amma mərkəzdə rotasiyalar gedir, hansısa matçda Coşquna istirahət verirəm, hansısa oyunda Hacıağa və ya Ayzayaya. Bununla da onların fiziki durumunu yaxşı səviyyədə saxlamağa çalışıram. Ayzayanı transfer edəndə də universal oyunçu olduğunu düşünmüşdü. Hansı oyunda hansı mövqeyə ehtiyac oldu, orada istifadə edirik. İstedadlı oyunçudu, daha böyük işlər görə bilər. Onunla birəbir söhbətlərimiz də olur. Qarşıdakı zaman kəsiyində komandamız üçün daha böyük işlər görəcək.

Xəbər Lenti