“Zirə” 9-cu turda “Sumqayıt” üzərində çətin qələbə qazanmaqla (3:2) 5 oyunluq qələbəsizlik seriyasına son qoydu.
Lakin Azərbaycan Kubokunda I Liqa təmsilçisi “Səbail”lə keçirilən qarşılaşma göstərdi ki, Rəşad Sadıqovun komandası hələ də optimal formasından uzaqdır. Zədəli futbolçuların sıraya qayıtmaması “qartallar”ın işini əməlli-başlı çətinə salıb.
Zirəlilərin növbəti rəqibi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Araz-Naxçıvan”dır.
Naxçıvan təmsilçisi üçün xal itirmək limiti çoxdan dolub. “Qırmızı-ağlar” bundan sonrakı oyunlarda bütün riskləri göz önünə alaraq qələbə qazanmağa çalışacaq.
Üstəlik, qarşılaşma Şamaxı şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək. Bu faktın özü də müəyyən mənada “Zirə”nin işini çətinləşdirə bilər.
Matç öncəsi “qartallar”ın müdafiəçisi Mehdi Mişahşah Sportinfo.az-a açıqlamasında qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.
“Kubok səhifəsini artıq bağlamışıq və bütün diqqətimizi çempionat matçına yönəltmişik. Qarşıda bizi “Araz-Naxçıvan”la önəmli matç gözləyir.
Səfərdə süni örtüklü meydanda oynamağın çətinliyini anlayırıq. Üstəlik, nəticələrdə dönüş yaratmağa çalışan rəqiblə qarşılaşacağıq. Buna görə də oyuna son dərəcə yaxşı hazırlaşıb, maksimum dərəcədə ehtiyatla yanaşacağıq”.
Oktyabrın 31-də Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.
HƏBİB
