Mövsümə daha böyük hədəflərlə başlayan “Zirə” hələlik gözlənilən sabitliyi nümayiş etdirə bilmir.
Ayrı-ayrı oyunlarda yaxşı futbol göstərməsinə baxmayaraq, nəticələrdə ardıcıllığın olmaması əsas problemlərdən biridir.
10 turdan sonra 16 xalla altıncı pillədə qərarlaşan “Zirə”nin göstəriciləri onun real potensialı ilə müqayisədə daha yaxşı ola bilərdi.
Xüsusilə müdafiə və hücum fazaları arasında balansın qorunması, oyun ərzində tempin idarə edilməsi və üstünlük əldə edilən görüşlərin nəticəyə çevrilməsi üzərində işləmək lazımdır.
Çempionatın bu mərhələsində xal itkiləri normal sayıla bilər, lakin iddialı komanda üçün davamlılıq əsas şərtdir.
Turnir cədvəlinin ikinci yarısına nəzər saldıqda, burada da maraqlı mübarizənin şahidi oluruq. Hazırkı mənzərəyə əsasən, ikinci altılığın ən güclü və ən sistemli komandası “Şamaxı”dır.
Komandanın baş məşqçisi Azər Bağırov və onun məşqçi heyətinin gördüyü iş xüsusi qeyd olunmalıdır. “Şamaxı”nın oyun modelində kollektiv intizam, təşkilatlanma və futbolçuların taktiki tapşırıqlara əməl etməsi diqqət çəkir.
Bu komanda yalnız fərdi keyfiyyətlər hesabına nəticə qazanmağa çalışmır. Meydanda kollektiv mexanizmlərin işləməsi, futbolçuların bir-birini sığortalaması və oyunun müxtəlif mərhələlərində düzgün qərarların verilməsi məşqçi heyətinin işinin göstəricisidir.
Son turda “Neftçi”yə 2:3 hesabı ilə məğlub olsalar da, bu nəticə onların mövsüm ərzində gördüyü işi kölgədə qoymamalıdır. Azər Bağırovun və köməkçilərinin fəaliyyəti ikinci “altılıq”da olan digər komandalar üçün də nümunə sayıla bilər.
SPORTİNFO.AZ
