“Neftçi” öz meydanında daha bir oyunu qələbə ilə başa vurdu.
“Ağ-qaralar” Premyer Liqanın ilk dövrəsinin sonuncu qarşılaşmasında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edərək milli fasiləsinə yüksək əhval-ruhiyyədə yollandı.
Son həftələrdə uğurlu çıxışı ilə turnir cədvəlinin zirvəsində taxt quran, çempionluq iddiasını getdikcə gücləndirən “Neftçi”nin nəticələri azarkeşləri də xeyli ümidləndirib.
Artıq hər qələbədən sonra tribunlarda xüsusi coşqu, bayram ab-havası hiss olunur.
“Kəpəz”lə qarşılaşmadan sonra da “Forza Neftçi”nin yer aldığı tribunada eyni mənzərə yaşandı. Final fitindən sonra futbolçuların hamısı bir nəfər kimi tribunaya yaxınlaşaraq qələbəni azarkeşlərlə bölüşməyi özlərinə borc bildilər.
Tərəfdarlar isə “Neftçi”yə xas bəstələrlə futbolçulara dəstək verərək onları növbəti qələbələrə ruhlandırdılar.
Diqqətçəkən məqamlardan biri Endryu Qravilyonun azarkeşlərin könlünə yol tapmasıdır. Bir neçə il əvvəl legionerlər arasında bu missiyanı Yuri Matias yerinə yetirirdisə, indi həmin rolu Qravilyon öz üzərinə götürüb.
Yerli futbolçulardan Emin Mahmudov və Emil Balayev “Forza Neftçi” ilə xüsusi yaxınlığı ilə seçilirsə, legionerlər arasında azarkeşlərlə komanda yoldaşları arasında əlaqələndirici körpü rolunu məhz Endryu oynayır.
Elə “Kəpəz”lə matçdan sonra da azarkeşlər ona xüsusi diqqət göstərdilər.
Tribunadan adını səsləndirən tərəfdarlar fransalı futbolçu ilə qələbəni ayrıca qeyd etdilər.
HƏBİB / SPORTİNFO.AZ
Maraqlı anların görüntülərini təqdim edirik.
