Türk dünyasının ortaq tarixi yaddaşını, mədəni yaxınlığını və birlik idealını ifadə edən bu adın Avropanın böyük idman meydanlarında səslənməsi qürur doğurur.
Azərbaycan idmanının tarixində daha bir qürurverici səhifə yazıldı!
Tovuzun qadınlardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubunu həm səfərdə, həm də doğma meydanda 3:0 hesabı ilə məğlub edərək, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazandı!
Bu, bölgə idmanının, Tovuzun və bütövlükdə ölkəmizin uğurudur!
“Turan”ın tarixi uğuru bir daha göstərir ki, böyük idman uğurları bölgələrimizdə də qazanıla bilər. Bunun üçün istedadla yanaşı, düzgün təşkilatlanma, peşəkar idarəçilik, ictimai dəstək və məqsədyönlü fəaliyyət lazımdır.
Özəlliklə qadın idmanının inkişafı, qızlarımızın sağlam həyat tərzinə, idmana və ictimai həyata daha fəal cəlb olunması baxımından bu qələbənin mənəvi və sosial önəmi böyükdür. “Turan”ın uğuru yüzlərlə yeniyetmə qız üçün yeni ümid, yeni həvəs və özünəinam qaynağıdır.
İdman klubları həm də vətəndaş cəmiyyətinin mühüm iştirakçıları sayıla bilər. Onların ətrafında formalaşan azarkeş birlikləri, könüllülük təşəbbüsləri, ictimai tərəfdaşlıqlar və sosial məsuliyyət layihələri cəmiyyətin həmrəyliyinə, gənclərin sağlam ruhda yetişməsinə xidmət edir. “Turan”ın qələbəsi belə təşəbbüslərin bölgələrimizdə daha geniş vüsət alması üçün də gözəl fürsətdir.
Klubun daşıdığı “Turan” adı isə bu uğura ayrıca mənəvi çalar verir. Türk dünyasının ortaq tarixi yaddaşını, mədəni yaxınlığını və birlik idealını ifadə edən bu adın Avropanın böyük idman meydanlarında səslənməsi qürur doğurur.
Əlamətdardır ki, “Turan” qrup mərhələsində qardaş Türkiyənin “Eczacıbaşı” klubu ilə də qarşılaşacaq. İdman rəqabəti ilə qardaşlıq duyğularının bir araya gəlməsi Türk dünyasının dostluq və əməkdaşlıq əlaqələrinə yeni rəng qatacaq.
Bu tarixi uğur münasibətilə “Turan” Voleybol Klubunun rəhbərliyini, məşqçilər heyətini, bütün voleybolçularını, klubun inkişafına dəstək verənləri və Tovuzun fədakar azarkeşlərini ürəkdən təbrik edirəm!
İnanıram ki, bu uğur bölgələrimizdə idmanın, özəlliklə qadın voleybolunun inkişafına, yeni istedadların üzə çıxarılmasına və Azərbaycan idmanının beynəlxalq nüfuzunun daha da yüksəlməsinə güclü təkan verəcəkdir.
Tovuzdan yüksələn bu qələbə sədası bütün Azərbaycanın qürurudur!
Təbriklər, “Turan”!
Yeni zəfərlər diləyirəm!
Fazil MUSTAFA
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
