“Ölümdən dönən” komandanın müdafiəçisi: “Narahatlıq var idi”

20:20 Zirə 98
“Ölümdən dönən” komandanın müdafiəçisi: “Narahatlıq var idi”

“Zirə” Azərbaycan Kubokunda “ölümdən döndü”.

Premyer Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qəsəbə təmsilçisi az qala ölkə kubokunun 1/8 final mərhələsinə yüksələ bilməyəcəkdi.

Azərbaycan Kubokunun II təsnifat mərhələsindəki rəqib I Liqanın iddialılarından olan “Səbail” idi.

Kifayət qədər gərgin və maraqlı keçən qarşılaşmanın əsas vaxtı “Zirə”in 2:1 hesablı üstünlüyü ilə başa çatmaq üzrə idi. Lakin əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Səbail” bərabərlik qolunu vurdu.

Əlavə olunmuş 30 dəqiqədə də tərəflərdən heç biri üstünlüyünü qoruya bilmədi. “Zirə” yenidən hesabda önə keçsə də, “Səbail” sona yaxın qol istəyinə çatdı və məsələ penalti seriyasına qədər uzandı.

Nəhayət, penalti seriyasında “Zirə”nin qapıçısı Aydın Bayramov ustalıq nümayiş etdirərək komandasını 1/8 final mərhələsinə daşıdı.

Oyundan sonra Sportinfo.az-a açıqlama verən “Zirə”nin mərakeşli müdafiəçisi Mehdi Mişahşah komandasının üzləşdiyi çətinliklərdən danışıb:

“Müasir futbolda asan oyunlar və zəif komandalar yoxdur. Rəqibimizin əlindən gələni edəcəyini bilirdik.

Bu gün də onlar güclü və hörmətə layiq komanda olduqlarını sübut etdilər. Kubok oyunlarının xarakterini nəzərə alsaq, qarşılaşdığımız çətinliklər təbiidir.

Oyun boyu bir neçə qol imkanlarını boşa verdik və üstünlüyümüzü erkən qollara çevirə bilmədik. Rəqib 120 dəqiqə ərzində yüksək intizamla müdafiə olundu.

Bu da oyunun penalti seriyasına qədər uzanmasına səbəb oldu. Mərhələni keçməməklə bağlı narahatlıq var idimi?

Belə pley-off oyunlarında narahatlıq hissinin olması təbiidir”.

“Zirə” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zəngəzur” – “Karvan-Yevlax” cütünün qalibi ilə qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti