“Mingəçevir”in başının üstünü yenə qara buludlar alıb.
Ötən mövsümdən yığılan borclara görə klubun cari mövsümdəki büdcəsində kəsir əmələ gəlib ki, rəhbərlik hazırkı məşqçi və futbolçu heyətinin maaşlarını verməkdə çətinlik çəkir.
Məhz bu səbəbdən komanda üzvləri I Liqanın 7-ci turu çərçivəsində keçirilməli olan “Şahdağ Qusar”la oyunu boykot etdi və komandaya texniki məğlubiyyət verildi.
Hazırda “Mingəçevir”in bütün yükü klubun təsisçisi və İdarə Heyətinin sədr müavini Ruslan Həmidovun çiyinlərindədir. Problemləri aradan qaldırıb, işləri səhmana salmağa çalışan da məhz bu şəxsdir.
Həmidovla əlaqə saxlamaqda məqsədimiz də həftələrdir yığılıb qalan suallara cavab tapmaq, “Mingəçevir”in gələcək taleyinə aydınlıq gətirmək idi.
- “Mingəçevir”də son durum necədir?
- Vəziyyət belədir ki, ötən mövsümdən yığılan borclar komandanı idarə etməyimizdə müəyyən çətinliklər yaradır.
- Borclar nəyə əsasən yığılıb? Söhbət hansı məbləğdən gedir?
- Borc 200 min manatdan bir az çoxdur. Ötən mövsüm komandamızda çıxış etmiş futbolçular, burada çalışmış məşqçilər, Bakıda “Ruslan-93”, Mingəçevirdə “Harmoniya” otellərinə olan borclardır.
- Siyahıda ümumilikdə neçə futbolçunun adı var?
- Komandanın demək olar hamısına. Məşqçi və futbolçulara borcumuz var.
- Borcların olması yayda məlum idi. AFFA və PFL liqada iştirak etməyinizə hansı əsasla icazə vermişdi?
- Bu mövsüm üçün lisenziyanı ötən mövsümdə almışdıq. Yəni çempionata başlayanda icazəmiz var idi. Vəziyyəti düzəldə bilməsək, növbəti mövsüm üçün lisenziya ala bilməyəcəyik. Lisenziya bir il əvvəl verilir.
- Deməyim odur ki, adlarını çəkdiyim qurumlardan bu qədər borc olduğu halda, çempionatda necə çıxış edəcəyiniz, maaşları hansı pullarla verəcəyinizi soruşan olmamışdı?
- Özüm şəxsən borcları həll edəcəyimə boyun olmuşam. Bunun məsuliyyəti mənim üzərimdədir. Demişdim ki, borc məsələsinin altından necə olur-olsun çıxacağam. Cari mövsüm üçün ayrılan məbləğ ötən mövsümkü borclara görə gözləmə prosesində idi. Hazırda problemin həlli yolunda çalışırıq. Allahın izni ilə ən qısa zamanda yoluna qoyacağıq.
- Bəs “Mingəçevir”in hazırkı üzvlərinin borclarını necə həll edəcəksiniz?
- Allahın izni ilə sabah (bu gün) komanda yığışır. Qidalanma və evlərinin kirayə pullarını tapıb verəcəyəm. Bu ayın 21-nə qədər də futbolçuların iki aylıq maaşları köçürüləcək. Bu dəqiqə bizdən istədikləri iki aylıq məvacibdir. Hazırda futbolçuların “ASAN İmza”larını toplayırıq. Kimin VÖEN-i, “Asan İmza”sı hazırdırsa, pullar hesablarına köçürüləcək.
- Pulu hardan tapacaqsınız?
- AFFA-dan müəyyən vəsait daxil olacaq. Bir də, avqustda yola çıxanda kluba sponsorluq etmək istəyən şəxs var idi, o da yardım edəcək. Nəyin bahasına olur-olsun, bu komandanı dağılmağa qoymayacağam.
- Baş məşqçiniz Elman Sultanov Mingəçeviri tərk edərək Bakıya yollanıb. Bu məsələ necə həll olunacaq?
- Elman müəllim öz istəyi ilə istefa verib gedib. Biz də istefasını qəbul etmişik.
- Deyək ki, indiyəqədərki borcları bağladınız. Bundan sonrakı mərhələdə necə olacaq? Çempionatın başa çatmasına 6-7 ay vaxt var.
- Dediyim şəxslə avqustda söhbətimiz olmuşdu. Rəsmi müqavilə bağlamasaq da, anlaşmışdıq. Açığı, mən bu sövdələşməyə arxayın olub yola çıxmışdım. Qarşıdakı aylarda köməkləşib problemləri həll etməyə çalışacağıq.
- Birdən həmin adam da geri çəkildi, onda necə?
- Ən pis halda dekabra qədər bir təhər yoluna qoyacağıq. Ondan sonrakı mərhələ üçün də hansısa formada həll yolu tapmalıyıq. Başqa yolumuz yoxdur. Bu yükün altından çətin də olsa çıxacağıq. Amma “Mingəçevir”in dağılmasına imkan verməyəcəyik.
- Noyabrın 19-da “Bakı Sportinq”lə oyununuz var. Komanda oyuna çıxacaq?
- Bunun üzərində çalışıram. Hər şey sənədlərin qısa zamanda toplanmasından asılıdır. Sənədləri AFFA-ya təqdim etməliyik ki, gələn həftə köçürmələr həyata keçirilsin. 99 faiz komanda oyuna çıxacaq. 1 faiz də, Allah eləməsin, ölüm-itimə bağlıdır. Çünki bu oyuna da çıxmasaq, “Mingəçevir” liqada uzaqlaşdırılacaq. Buna imkan verməyəcəyik!
- Vəziyyətin bu hədd çatmasının günahı kimdədir? Sizdə, ötən mövsümkü rəhbərlikdə, yoxsa AFFA-da?
- Keçən il əlimə bir qəpik pul dəyməyib. Kənarda dayanan şəxs olmuşam. Ona görə də özümdə heç bir günah görmürəm. Mənimlə bağlı nəsə olsaydı, bu gün klubda olmazdım. Əksinə, yayda ən pis vəziyyətdə “Mingəçevir”ə yiyə durmuşam, məsuliyyətin altına girib məşqçi və futbolçulara söz vermişəm. Mən də əlimi çəksəm, komanda dağılacaq. AFFA-lıq da bir şey yoxdur. Deyirlər, sənədləri hazırlayın, köçürmənizi edək. Borclara görə də aylıq ödənişlərə STOP qoyulub.
- Məsuliyyət qalır ötən il klubu idarə edənlərdə.
- Görək də, onlardan da kömək istəmişik ki, hansısa formada dəstək olsunlar. Ötən mövsümdə də buna bənzər hallar olmuşdu. Yadınızdadırsa, futbolçular bir-iki məşqə çıxmamışdı. Məşq etməsələr də, sağ olsunlar, oyuna çıxmışdılar. Heç kimin pulu batan deyil. Necə ki, ötən mövsümdə borclu qaldıqlarımızın pullarını ödəməyə çalışırıq, eləcə də, indiki futbolçuların maaşları veriləcək. Klub yaşayırsa, kiminsə pulu qala bilməz.
- Onlar da klubun dağılmasından narahatdır. Azərbaycan futbolunda bu kimi hallar az olmayıb ki. Ona görə də ziyanın yarısından qayıtmaq üçün boykot qərarını veriblər.
- Sabah (bu gün) yemək və kirayə pullarını verəcəyəm. Ayın 21-nə qədər də iki aylıq maaşları ödəniləcək. 2017-ci ildən bu yana bu komandanı min bir zəhmət bahasına ayaq üstə saxlamışıq, dağılmağa qoymamışıq. İnşallah, bundan sonra da ayaq üstə dayanacaq.
HƏBİB / SPORTİNFO.AZ
