Bakıya güclü yağış yağır, futbol meydançasını su basır.
Drenaj sisteminin zayı elə çıxıb ki, suyu kənarlaşdıra bilmir.
Nə top hərəkət edə bilir, nə topu qovan oyunçu. Di gəl, oyuna icazə verilir.
Özü də harada? Gölməçədə!
Məsuliyyətsizlik başqa nə cür olur?!
Diz, topuq, əzələ zədələrinin, kəllə-beyin travmasının olacağı kiminsə ağlına gəlirmi?
Oynayanlar isə 15 yaşlı uşaqlarımızdır.
Sonra dünyadan bixəbər o 15 yaşlı uşaqdan tələb edirik ki, bəs, Əfqanıstan komandasına niyə qalib gəlmirsən?
Necə qalib gəlsin? Hansı infrastrukturla? Hansı futbol idarəetməsi ilə?
***
Futbolumuzun sabahı olacaq komandalar sanki bir-biri ilə sözləşibmiş kimi, dünən, eyni gündə hər biri öz qapısından 7 top buraxaraq məğlub olur.
U-17 millisi Almaniyaya 0:7 hesabı ilə uduzur.
U-19 millisi Monteneqroya 2:7 hesabı ilə...
5, yaxud 7 top fərqi ilə uduzan təkcə milli komandalarımız deyil.
"Sabah"ın gənclər komandasının avropalı həmyaşıdları ilə bu mövsümkü oyunlarının acınacaqlı tablosuna da diqqət edin: 4 oyun, 4 məğlubiyyət, vurulan qol sayı 0, buraxılan qol sayı 15...
36 komanda arasında 36-cı yer.
Yaxud o biri öncül klubumuz "Qarabağ". Ötən mövsüm Çempionlar Liqasında oynayanda elə onların gənclərinin də nəticələri aşağı-yuxarı bu gündə idi.
Və əlbəttə, bir ildə yaxşıya doğru nəsə dəyişməyib. Keçən həftə "Qarabağ"ın U-19-u Zaqrebdə "Dinamo"ya 7 cavabsız top buraxaraq məğlub oldu.
Belə sabah və belə at oynatmaq olarmı?
Azərbaycan futbolunun təkcə son 1 həftədə keçirdiyi 4 oyunun kədərli göstəricisidir bunlar. Bu 4 oyunda milli və klublar səviyyəsində cəmi 3 qol vurmuşuq, düz 26 qol buraxmışıq.
Yəni...
Nə qələbə var, nə heç-heçə.
Nə hücum var, nə müdafiə.
Nə futbol var, nə futbolçu.
Necədir? (qol.az)
Aydın Bağırov
