Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.
Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
"Xankəndi" bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK-in Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
Sportinfo.az saytının və "Sportinfo TV"nin baş redaktoru İlkin Fikrətoğlu bu mövzu ilə bağlı Peşəkar Futbol Liqasına təklif irəli sürüb:
"Noyabrın 19-da Azərbaycan futbolu adına tarixi gün olacaq. Müstəqillik dövründə ilk dəfə Xankəndi stadionu bir (yanvardan iki) klubun ev oyunları üçün arena kimi təqdim olunacaq.
Sovet dövründəki Stepanakert "Qarabağ"ının 99 faiz ermənilərdən ibarət olduğunu nəzərə alsaq, ilk dəfə təmiz Azərbaycan klubları Xankəndini təmsil edəcək: " Xankəndi" FK və MOİK.
Gözəl hadisədir. Noyabrın 19-da keçiriləcək "Xankəndi"-" Karvan Yevlax" matçı üçün bir təklifim var. Bu oyunda Xankəndi futbolunda izi olan 3 şəxsin rəmzi iştirakı əla olar.
Sovet dövründə Xankəndi klubunda oynamış son iki azərbaycanlı Munis Abdullayev və Samir Alakbarov, həmçinin Xankəndində doğulmuş, futbolun sirlərini burada öyrənmiş , sonradan Ağdam "Qarabağ"ında oynamış Emin Salmanov.
Munis Abdullayevə noyabrın 19-dakı oyuna hakim-inspektor kimi təyinat verilə bilər,
Samir Ələkbərovla Emin Salmanov isə oyuna mərkəzdən başlayar bilər. Azərbaycan futbolunun 38 ildən sonra Xankəndiyə qayıdışının simvolik rəmzi olaraq. İndi son qərar Peşəkar Futbol Liqasınındır".
