Premyer Liqaya vəsiqəyə iddia edən «Səbail»də maliyyə problemi yaranıb.
I Liqanın ilk 7 turunda qeyri-sabit çıxış eləyən və turnir cədvəlində beşinci pilləyə qədər geriləyən komandanın rəhbərliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Artıq 2 aydan çoxdur ki, belə bir problem var.
Müqavilə bağlanılan 7 legionerdən 4-ü ötən iki ayın əməkhaqqısını ala bilməyib.
Siyahı onlarla məhdudlaşmır. Həmçinin ofis əməkdaşları və akademiyada çalışanlar da xeyli müddətdir məvacib üzünə həsrətdir.
Bu faktın özü ciddi şübhələrə yol açır. Çünki «Səbail»i himayəsinə götürən şəxslər SOCAR-a bağlıdır.
Beş aydır klub sektoruna daxil olan bu insanlar, görəsən, niyə belə tez əlini işdən soyudub? Bəlkə gözləntiləri doğrulmadığı üçün?
Ola bilər, hər şey mümkündür.
Qubaya köçmək istəyini aylar öncə elan edən «Səbail» 7 tur ərzində 12 xal toplayıb. Lider «Şahdağ»dan 6 xal geri qalırlar.
Elnur Abdullayevin çalışdırdığı kollektiv tezliklə uğursuzluq zolağından çıxmağı bacarmasa, Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansı suya düşəcək.
Çünki büdcəsi «Səbail»dən qat-qat aşağı olan Qusar təmsilçisi hər mənada daha yaxşı və daha inamlı təsir bağışlayır.
SPORTİNFO.AZ
