Azərbaycanda rəqib azarkeşlərin stadionu doldurmasından həzz alan futbolçu kimdir?

3 Noyabr 23:00 Zirə 156
Azərbaycanda rəqib azarkeşlərin stadionu doldurmasından həzz alan futbolçu kimdir?

Premyer Liqada çempionluq iddiasını ortaya qoyan komandanın üzvünü tanıyın!

“Zirə”nin legioneri Anje Mutsinzi Sportinfo.az-a müsahibə verib.

Ruanda millisinin də şərəfini qoruyan 28 yaşlı mərkəz müdafiəçisi komandasının səfərdə “Kəpəz”lə bərabərə qaldığı (1:1) matçdan sonra sualları cavablandırıb.

- 90 dəqiqənin gedişatını göz önünə gətirsək, 1 xalı qazanc hesab edə bilərik?

- Məncə, daha artığına layiq idik. Təəssüf ki, matç heç-heçə başa çatdı. İlk hissədə düşündüklərimizi meydanda ortaya qoya bilmədik.

Fasilədən sonra təzyiqi artırıb 3-4 dəfə 100 faizlik qol imkanları yaratdıq. Bəzən rəqib qapıçı yaxşı oynadı, bəzi epizodlarda biz dəqiqlik göstərə bilmədik. Ümumi götürsək, 1 xal da pis deyil.

- “Zirə”nin matçı başlayana qədər avrokuboklara vəsiqə uğrunda əsas rəqibləriniz – “Neftçi”, “Qarabağ” və “Turan Tovuz” vacib xallar itirmişdi. Bu, sizin üçün xal ehtiyatını artırmaq üçün əla şans idi.

- Əlbəttə, bunu nəzərə alaraq qalib gəlmək istəyirdik. Çünki mümkün qələbə sayəsində xal sayı 14-ə yüksələcəkdi. Təəssüf ki, sonluq biz istəyən kimi olmadı. Amma bunun üçün çox çalışdığımızı deyə bilərəm.

- “Zirə” təkcə “Kəpəz”ə yox, həm də gəncəli azarkeşlərə qarşı mübarizə aparırdı. Bu stadionda oynamaq həqiqətənmi çətindir?

- Azarkeşlərə qarşı oynadığımızı deməzdim. 90 dəqiqə dayanmadan “Kəpəz”ə dəstək verdilər, susmadılar, möhtəşəm atmosfer yaratdılar. Əksinə, onların stadionu doldurması bizim üçün də motivasiyadır.

Hər bir futbolçu dolu tribunaların qarşısında oynamağı arzulayır. Bu, öz meydanındadır, yoxsa rəqib sahəsində - fərq etmir.

- Komandanızda zədəlilərin çoxluğu diqqət çəkir. Belə vəziyyətdə oyunlara necə hazırlaşırsınız, özünüzü necə hiss edirsiniz?

- Təbii ki, xoş hal deyil. Bir-iki nəfərin itkisini haradasa sığortalamaq olmur. Lakin söhbət beş-altı, bəlkə də daha çox saydan gedirsə, sözsüz ki, çətindir.

Baş məşqçi tez-tez heyət dəyişikliklərinə əl atır, futbolçular arasında istər-istəməz anlaşma problemi yaranır. İstənilən halda vəziyyətlə barışaraq çıxış yolları axtarırıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"