Toral Bayramov bundan sonra hara gedəcək? - "Qarabağ", "Neftçi" və...

21:00 Bizimkilər 63
Toral Bayramov bundan sonra hara gedəcək? - "Qarabağ", "Neftçi" və...

Toral Bayramov yayda “Qarabağ”ı “Bursaspor”a dəyişdi.

Onun Türkiyədə uğurlu legioner həyatı yaşayacağına böyük ümidlər bəslənilirdi.

Çünki Toral ilk dəfə legioner həyatı yaşayırdı və “Qarabağ”ın ən yaxşı yerli futbolçularından biri idi.

Ümumiyyətlə, son illərdə Azərbaycan futbolunda yetişən ən yaxşı yerli oyunçulardan sayılırdı. Ona görə də bu keçidə ümidlərimiz böyük idi.

Təəssüf ki, arxada qalan müddətdə Toral gözləntiləri doğrultmur. Hələ də komandanın əsas heyət üzvünə çevrilə bilməyib.

Meydana çıxdığı oyunlarda da bəzən kobud səhvləri ilə yadda qalır.

Sonuncu dəfə isə çox uğursuz avtoqolu ilə diqqət çəkdi.

Təbii ki, bu da onun tənqidlərə tuş gəlməsinə səbəb olur. Toralın tənqid olunması normaldır. Çünki o, özünə bəslənilən ümidləri hələlik doğrulda bilməyib. Amma bəzən bu tənqidlərin dozasını aşanlar da var.

Məncə, Toral Bayramovun timsalında özümüz üçün də bir nəticə çıxarmalıyıq.

Əgər bizim ən yaxşı yerli futbolçularımızdan biri Türkiyə ikinci liqasında belə özünü təsdiqləməkdə çətinlik çəkirsə, deməli, biz arxada qalan illərdə çox ciddi işlər görməmişik.

Xüsusilə də klublarımız bu məsələdə özlərinə hesabat verməlidir. İllərdir futbolçu yetişdirmək əvəzinə hazır oyunçuların axtarışında olan klublarımız utanmalıdır.

Çünki bu gün Türkiyə ikinci liqası səviyyəsində belə özünə yer edə biləcək futbolçu yetişdirə bilməməyimiz Azərbaycan futbolunun ən acı reallıqlarından biridir.

Toralı tənqid etmək asandır, amma əslində, onun üzərindən öz futbolumuzun problemlərini görməliyik. Təəssüf ki, yenə problemin kökünə baxmırıq, baxmaq istəmirik.

XANOĞLAN İMANOV/SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti