Öz xidmətini Premyer Liqa klubuna təklif edən baş məşqçi - Hansı qərar veriləcək?

09:40 Gündəm 65
Öz xidmətini Premyer Liqa klubuna təklif edən baş məşqçi - Hansı qərar veriləcək?

Fərid Namazovun “İmişli”dən ayrılmasından sonra I Liqada “Şahdağ Qusar”ın baş məşqçisi olan Füzuli Məmmədovun Premyer Liqaya qayıtmaqdan ötrü hərəkətə keçməsindən xəbərdarsız
O, Məmmədov şəxsən “İmişli”nin prezidenti Kamran Eyyubov ilə əlaqə saxlayaraq, öz namizədliyini irəli sürüb.
Lakin “İmişli” rəhbərliyinin cavabı hələlik müsbət olmayıb. Məmmədova qış fasiləsinə qədər gözləməsi tapşırılıb.
Aranlılar hazırda Ervins Perkonsa şans vermək, eyni zamanda digər əcnəbi mütəxəssislərin namizədliklərini də nəzərdən keçirmək niyyətindədir.
Bu ilin iyulunda Fərid Namazovun köməkçisi kimi işə başlayan latviyalı hələlik komandanı 5 oyuna çıxarıb.
Premyer Liqada çıxdığı 4 matçda 7 xal toplayan baltkalı məşqçi ölkə kubokunda da ikinci təsnifat mərhələsini adlayıb. İmişlilər burada “Qaradağ Lökbatan“ı 4:1-lə mübarizədən kənarlaşdırıb.
Perkonsun taleyinə dekabrın üçüncü yarısında aydınlıq gələcək.
Elitada ikinci mövsümünü keçirən əyalət kollektivi qarşıdakı müddətdə daha 10-12 xal toplaya bilsə, o, mövsümün ikinci yarısında da sükan arxasında dayanacaq. Necə deyərlər, onun perspektivi əldə edəcəyi nəticələrdən asılıdır.
Füzuli Məmmədov ötən mövsümü Premyer Liqada keçirib. 2025-ci ilin noyabrından 2026-cı ilin iyununadək "Karvan-Yevlax"ı çalışdırıb.
Mövsümü 15 xal sonuncu pillədə başa vuran Yevlax təmsilçisi Premyer Liqanı tərk edib.
Burada diqqət çəkən əsas məqam isə Füzuli Məmmədovun hazırda “Şahdağ Qusar”la bağlı vəziyyətidir. Bir tərəfdən ona etimad göstərərək, komandanı həvalə edən klub, digər tərəfdən isə daha yüksək liqada işləmək üçün alternativ axtaran baş məşqçi. Bu vəziyyət məşqçinin hazırkı klubuna bağlılığı və peşəkar yanaşması ilə bağlı haqlı suallar yaradır.
Füzuli Məmmədov futbol ictimaiyyətində yalnız futbol biliyi və məşqçilik fəaliyyəti ilə deyil, həm də qeyri-adi, bəzən aqressiv və mübahisəli davranışları ilə yadda qalan şəxslərdəndir. Onun xarakteri ilə bağlı suallar isə heç də məşqçilik karyerasından başlamayıb. Bu məqamlar hələ futbolçu olduğu illərdə də özünü göstərirdi. Verdiyi müsahibələrin birində Məmmədov futbolçu karyerası ilə bağlı kifayət qədər diqqətçəkən etiraflar etmişdi. O, məğlubiyyətə dözümsüz olduğunu, komandasının uduzmasını qəbul edə bilmədiyini və bu səbəbdən meydanda bəzən həddindən artıq aqressiv davrandığını söyləmişdi.
Məmmədov həmin müsahibədə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt rəqib futbolçunu bilərəkdən vurduğuna görə dörd oyunluq cəza aldığını da etiraf etmişdi.
Daha təəccüblüsü isə öz doğma qardaşı Xaqani Məmmədovla bağlı açıqlaması idi. Füzuli Məmmədov qardaşını da meydanda ağır zədələdiyini, nəticədə onun topuğunun zədələndiyini və bir ay futbol oynaya bilmədiyini bildirmişdi.
Lakin maraqlıdır ki, futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Məmmədovun adı bu dəfə də futbolçularla münasibətlər və komanda daxilində yaranan mübahisələrlə hallanmağa başladı.
2025-ci ilin fevralında “Mingəçevir”də baş məşqçi işlədiyi dövrdə “Zaqatala” ilə oyundan sonra Elnur Mirzəyev və Xəyal Muradovla bağlı qalmaqal yaşandığı barədə məlumatlar yayıldı.
Məmmədovun Azərbaycan U-17 millisinin baş məşqçisi olduğu dövrdə Albaniyada keçirilən UEFA İnkişaf turniri də mübahisəli hadisələrlə yadda qalıb.
2023-cü ilin iyununda Azərbaycan U-17 millisi Albaniyada keçirilən turnirdə iştirak edib. UEFA turnirin əsasnaməsində nəzərdə tutulan bütün futbolçuların minimum 90 dəqiqə oynaması tələbinin yerinə yetirilməməsi ilə əlaqədar AFFA-ya xəbərdarlıq məktubu göndərib.
AFFA-nın ovaxtkı press-ateşesi Firuz Abdulla texniki səhvə yol verildiyini təsdiqləyib. Azərbaycan U-17 millisi həmin turnirdə Farer adalarını 4:2 hesabı ilə məğlub etsə də, Albaniyaya 0:1, Moldovaya isə 2:3 hesabı ilə uduzub.
2026-cı ilin yanvarında Füzuli Məmmədovun “Karvan-Yevlax”da çalışdığı dövrdə kapitan Araz Abdullayevlə məşq zamanı mübahisə yaşadığı barədə məlumat yayılıb.
İddialara əsasən, məşq zamanı tərəflər arasında gərginlik yaranıb və futbolçu məşqdən uzaqlaşdırılıb. Lakin klubun mətbuat xidməti bu məlumatı təkzib edərək Araz Abdullayevin məşqlərdə iştirak etdiyini və komanda daxilində problem olmadığını bildirib.
Əlbəttə, Füzuli Məmmədovun futbol biliyini və məşqçilik bacarığını inkar etmək olmaz. Onun futbolçu kimi təcrübəsi, məşqçi kimi çalışdığı komandalar və əldə etdiyi nəticələr var.
Ancaq futbol məşqçisinin peşəkarlığı yalnız taktiki bilik, məşq prosesi və nəticələrlə ölçülmür. İnsanlarla münasibət, emosional nəzarət, etik davranış və rəhbərlik etdiyi kollektiv qarşısında məsuliyyət də bu peşənin vacib tərkib hissələridir.
“Şahdağ Qusar” rəhbərliyi üçün isə yaranmış vəziyyət ciddi düşünmək üçün əsas olmalıdır. Komandanın gələcəyini etibar etdiyiniz məşqçi daha yüksək liqada işləmək imkanı yaranan kimi başqa kluba öz xidmətlərini təklif edirsə, sabah daha əlverişli təklif qarşısında hansı qərarı verəcək?
Əlbəttə, bir məşqçinin çalışdığı klubdan ayrılaraq daha yüksək səviyyəli komandaya keçmək istəməsi dünya futbolunda qeyri-adi hal deyil. Belə nümunələrə Avropa və Türkiyə futbolunda da rast gəlinir. Futbolda belə keçidlər mümkündür
Buna ən son nümunələrdən biri Emre Belözoğlunun yaşadığı prosesdir. Türkiyəli mütəxəssis «Kasımpaşa»nın baş məşqçisi olduğu müddətdə «Fənərbağça»nın gündəminə düşdü. 3 noyabr 2026-cı ildə «Kasımpaşa» onunla yolların ayrıldığını açıqladı. Həmin gün «Fənərbağça» da Belözoğlunun baş məşqçi vəzifəsinə təyin olunduğunu rəsmən elan etdi.
Yəni məşqçinin daha böyük klubdan təklif alması və karyerasında yeni səhifə açması normaldır. Burada əsas məsələ keçidin necə həyata keçirilməsi, mövcud klubun maraqlarına münasibət və peşəkar davranışdır.
Füzuli Məmmədov üçün bu, birinci belə hal deyil.
Məsələnin Füzuli Məmmədovla bağlı maraqlı tərəfi isə bunun ilk dəfə baş verməməsidir. Bir neçə il əvvəl “Difai”də çalışdığı dövrdə də oxşar vəziyyət yaşanıb. Həmin vaxt Məmmədov klubda rəsmi olaraq baş məşqçi deyil, prezidentin və ya rəhbərliyin müşaviri statusunda fəaliyyət göstərirdi. Buna baxmayaraq, məşqlərdə iştirak edir, komandanın hazırlıq prosesinə rəhbərlik edirdi.
O, həmin dövrdə “Difai” rəhbərliyinin xəbəri olmadan “Mingəçevir”lə danışıqlar aparıb və sonradan I Liqa təmsilçisi ilə müqavilə imzalayaraq, baş məşqçi postuna keçib.
Burada diqqətdən qaçırılmamalı vacib bir məqam var. Hazırda “Şahdağ Qusar” I Liqanın lideridir. Komanda 7 turdan sonra 18 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və çempionluq mübarizəsinin əsas iştirakçılarından biridir.
Belə bir vəziyyətdə azarkeşlər, klub rəhbərliyi və futbol ictimaiyyəti baş məşqçidən yalnız meydanda uğurlu nəticələr deyil, həm də komandanın gələcəyi ilə bağlı sabitlik gözləyir.
Təsəvvür edin: komanda çempionluq uğrunda mübarizə aparır, rəhbərlik məşqçiyə etimad göstərir, futbolçular qarşılarına qoyulan məqsədə çatmaq üçün çalışırlar. Belə bir vaxtda baş məşqçinin başqa klubla danışıqlar aparması, özü də bunu hazırkı kollektivdən kənarda həyata keçirməsi nə dərəcədə düzgün yanaşmadır?
Futbolda məşqçilər dəyişir, klublar dəyişir, daha böyük təkliflər ortaya çıxır. Ancaq komandanın lider olduğu, çempionluğa oynadığı və rəhbərliyin bütün ümidlərini baş məşqçiyə bağladığı bir vaxtda onun başqa klubla gizli danışıqlar aparması heç də xoş mənzərə yaratmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!