Deyəsən, "Qəbələ" özünə gəlir.
Yeton Bekirinin bölgə klubunda ilk günləri elə də xoş keçmirdi.
Öncə "Sumqayıt", ardınca "Sabah"la matçda darmadağınla məğlubiyyətlər qeydə alındı.
Amma əcnəbi mütəxəssis gedişata "dur" deyə bildi.
Öncə "Araz-Naxçıvan" məğlub edildi, ardınca "Qarabağ"dan xal almaq mümkün oldu.
Xüsusilə Ağdam klubuna qarşı "qırmızı qaralar" yaxşı performans sərgiləyə bildi.
Ən son "Zirə"yə qarşı da meydanda yaxşı "Qəbələ" görə bildik. Yalnız son dəqiqələrdə qol buraxan bölgə klubu meydandan xalsız ayrılmalı oldu.
Maraqlıdır, son nəticələrdən sonra daxildə "üst pillələrə oynamaq olar" fikri yaranıb, yoxsa yenə məqsəd liqada qalmaq olacaq?
Komandanın təcrübəli siması Elvin Camalov Sportinfo.az-a açıqlamasında suala bu cür cavab verib:
"Məncə, hazırda əsas məqsədimiz hər oyuna ayrıca yanaşmaq və maksimum xal toplamaqdır.
Komandamızın potensialı var və bunu meydanda göstərməyə çalışırıq.
Təbii ki, daha yüksək pillələrdə olmaq hər bir futbolçunun istəyidir.
Amma bunun üçün ilk növbədə sabitlik qazanmalı və nəticələrimizi davam etdirməliyik".
XANOĞLAN
