Turun mərkəzi qarşılaşması bu gün “Bakcell Arena”da baş tutacaq.
Son çempion “Neftçi” doğma azarkeşləri önündə ötən mövsüm avrokubok şansını son anda əldən verən uğura ac “Zirə”ni qəbul edəcək.
Bu oyun komandaların turnir cədvəlindəki mövqeyi baxımından mərkəzi oyun sayılsa da, oyunun içində özündə prinsipiallığı əks etdirən başqa məqamlar da tapmaq mümkündür.
Başlıca amillərdən biri Samir Abasovla rəqib komandanın adıdır. Sumqayıtlı mütəxəssis vaxtilə məhz doğma şəhərinin komandasında çalışdığı dönəmdə diqqətləri üzərinə çəkməklə “Zirə” rəhbərliyinin etimadını qazanmışdı.
Lakin “qartallar”a rəhbərlik etdiyi dönəmdə gözlənilənləri verə bilmədiyindən, işini itirmək məcburiyyətində qalmışdı.
Lap dəqiq desək, göndərilmişdi. Elə bu məqamı xatırladanda, aradakı prinsipiallığın nədən ibarət olduğu barədə ətraflı şərh etməyə gərək qalmır.
Başqa bir qabardılacaq məqam Rəşad Sadıqov və “Neftçi”nin adıyla bağlıdır. Ötən ildən Premyer Liqada məşqçilik edən mütəxəssisin karyerasında və qəlbində “ağ-qaralar”ın hansı yer tutduğunu demək artıqdır.
Sadıqov “Neftçi”ni hər zaman güclü rəqib kimi görüb, nəinki bu komandada oynamağı, hətta bu komandaya qarşı oynamağı da özünə fəxr bilib.
Bu gün də meydanda “Neftçi”yə qarşı komanda çıxarmaqla məqsədinin hansı nəticəni əldən etmək istəyi aydındır. 39 yaşlı çalışdırıcı anlayır ki, kollektivdə özünəinam yaratmaq üçün çempionla qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq vacibdir.
Hə, ötən mövsümün 23-cü turunda Rəşad Sadıqovlu “Zirə”nin “Bakcell Arena”da Samir Abasovlu “Neftçi”yə 0:4 hesablı ağır məğlubiyyəti yaddaşlardan silinməyib. Çox güman, Rəşad bəy də həmin yenilgini yadında saxlayıb.
Üçüncü və ən vacib məqam komandaların turnir cədvəlindəki mövqeyi və aralarındakı xal fərqidir. Bakılılar 14 xalla 2-ci pilləni zəbt etdiyi halda, zirəlilər 12 xalla “Qəbələ”ylə 3-4-cü yerləri bölüşür.
Yəni, bu dueldə qonaqların mümkün qələbəsi onları avtomatik 2-ci pilləyə yüksəldəcək.
Əks halda, aşağıdan gələn “Sumqayıt”la “Keşlə” yaxınlaşa və ya, yaxınlıqdakı “Qəbələ” uzaqlaşa bilər. “Neftçi”nin qalibiyyəti isə turnir cədvəlinin ilk iki pilləsindəki komandaların yerini bir az da möhkəmləndirəcək.
Odur ki, bu gün saat 18.15-dan etibarən gözlər “Bakcell Arena”nın yaşıl meydanına dikiləcək.
Oyunçu aparsın!
HƏBİB