Azərbaycan klubu baş məşqçisini şikayət etmək fikrindən necə daşındırıb?

15 İyul 2022 11:40 Şamaxı 1 780
Azərbaycan klubu baş məşqçisini şikayət etmək fikrindən necə daşındırıb?

Dünən "Şamaxı"da yeni təyinatlar rəsmiləşib.

Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə köməkçi kimi münasibətlər rəsmiləşdirilib.

Eyni zamanda, Rüstəm Əliyevlə daha əvvəl – iyunun əvvəlində imzalanmış 1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Şamaxı”da baş məşqçi funksiyasını Cavid Hüseynov yerinə yetirəcək. 34 yaşlı mütəxəssis lazımi lisenziyaya sahib olmadığı üçün onun yardımçısı Vüqar Əsgərli baş məşqçi kimi qeydiyyata alınıb.

Burada hər kəsə maraqlı gələn məqam Rüstəm Əliyevlə bağlıdır. Axı o, saytımıza verdiyi açıqlamada klubun yeni rəhbərliyinin ona etinasız münasibətindən şikayətlənmiş, haqqını sonadək müdafiə edəcəyini bildirmişdi.

İndi aydın olur ki. tərəflər bir araya gəlməyə, ortaq dil tapmağa müvəffəq olub. Bu, “Şamaxı”lıları təzminat ödəməkdən xilas edib.

Belə ki, keçmiş rəhbərliyin dönəmində birillik müqavilə imzalamış mütəxəssis yeni idarəçilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlayacağını, ona aylıq 3000 manat ödənilməsini tələb edəcəyini bildirib.

Bundan sonra hər iki tərəfə tanış simalar barışıq missiyasını öz üzərinə götürüb və Əliyev iddialarından əl çəkib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti