“Şamaxı” rəhbərliyi futbolçuları harada görüb bəyənir - Bu liqada, ya hamamda?

15:00 Əvəzedicilər 155
“Şamaxı” rəhbərliyi futbolçuları harada görüb bəyənir - Bu liqada, ya hamamda?

“Şamaxı”nın İdarə heyətinin sədri Elçin Usub bugünlərdə təzadlı bir açıqlama verib.

Əyalət klubuna rəhbərlik etməsinin 5 ili hələ tamam olmayan funksioner Əvəzedicilər Liqasının keçirilməsinə qarşı olduğunu bildirib.

O, jurnalistlərə müsahibəsində qeyd edib ki, bu liqa onların klubu üçün prioritet deyil:

“Əvəzedicilər liqası bizim üçün prioritet deyil. Ümumiyyətlə, bu çempionatın mahiyyəti nədən ibarətdir?

Klublar Komitəsində bu məsələ dəfələrlə müzakirə olunub. Dəfələrlə AFFA-ya müraciət etmişik, bildirmişik ki, bu, lazımsız liqadır. Əvəzinə, aşağı liqalara daha ciddi dəstək lazımdır.

Bizim o qədər görüləsi işlərimiz var ki, öz məhdud resurslarımızı buna yönəldə bilmərik. Digər bizim kimi kiçik klublarda da belədir".

"Şamaxı" Əvəzediclər Liqasında 4 oyuna 1 xalla sonuncu - 12-ci yerdədir. Elçin Usub əlavə edib ki, hazırkı şəraitdə əvəzedilər liqası üçün resurs tapmaq onlar üçün çətindir:

"Bizim ekosistemdə yerimiz fərqlidir. Məsələn, “Neftçi”nin futbolçusu Rüfət Abbasov əvəzedicilərdən əsas komandaya yüksəldi, amma sonra nə oldu?

Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı. Kiçik klublardan gözləntilər böyükdür.

Bizim də öz siyasətimiz var. Təbii ki, könül istəyər ki, yaxşı baza, şərait olsun.

Şamaxı stadionunda 8 aşağı yaş qrupu və əsas komanda məşq edir. Belə bir şəraitdə, əvəzedicilərə də resurs tapmaq çətindir, bizim prioritetimiz deyil”.

Əvəzediclər Liqasında sonuncu yerdə getmək "Şamaxı" rəhbərliyini narahat etmir - biz hörmətli Usuba deyə bilmərik ki, nahaq bu cür fikirləşirsiz.

Nə olsun ki, o, klubun gündəlik həyatında yaxından iştirak eləmir, bura cibinin pulunu xərcləmir. Sədr, uzaqbaşı, hansısa bankdan kredit götürmək lazım gələndə zamin dayanır və bildiyimizə görə, "Şamaxı"ya başqa ciddi qatqısı yoxdur.

Bəlkə də var, amma nə eşitmişik, nə də görmüşük.

Elçin Usubun Əvəzedixilər Liqasının ləğviylə əlaqədar söylədiklərinə qayıdaq. Möhtərəm zat “Neftçi”nin futbolçusu Rüfət Abbasovu misal çəkir.

Deyir, o, əvəzedicilərdən əsas komandaya yüksəldi. Və soruşur: sonra nə oldu?

Cavabı da özündən eşidək: ”Biz götürdük, oynadı və yenidən “Neftçi”yə qayıtdı”.

Görünür, Elçin bəyin ”yaddaş kitabçası” bir balaca dolub. Yaddan çıxarıb ki, istər ötən yay – Ayxan Abbasovun burada çalışdığı, istərsə də Azər Bağırovun görvədə olduğu son 4 ayda ”Şamaxı”ya 20-yə yaxın gənc cəlb edilib.

Mütləq əksəriyyəti də I Liqa və Əvəzedicilər Liqasından. Əgər ”dubllar”ın çempionatı tarixin tozlu arxivinə göndərilsə(ydi), Usubun ”şirlər”i Premyer Liqa oyunlarına kimlərlə çıxar(dı)?

İşdir, əvəzedicilərin çempionu yığışdırılsaydı, ”Şamaxı”nın məşqçiləri Rüfət Abbasovu harada görüb bəyənəcəkdi? Hamamda?

Hazırda ”Şamaxı”nın gözdə isimlərindən biri sayılan Həbib İsmayılov ”Neftçi”nin akademiyasında yetişib, ”dubl”da forma geyindiyi vaxt Ayxan Abbasovun diqqətini çəkib.

Neçə-neçə belə gəncin adını saymaq olar ki, ”Şamaxı” onları elə oralardan - indi Elçin Usubun timsalında futbolda təsadüfi fiqur sayılanların bəyənmədiyi liqadan tapıb və bu gün ayaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti