“Şamaxı” dünən rəsmi olaraq öz yeni baş məşqçisinin adını ictimaiyyətə açıqladı.
Bu, qızlardan ibarət U-19 yığmamızın çalışdırıcısı Vuqar Əsgərlidir. Onun köməkçiləri isə Cavid Hüseynov, Elhad Nəziri və Rüstəm Əliyev olacaq.
Təbii ki, hamının diqqətini çəkən sonuncu ad oldu. Ötən mövsümün sonu baş məşqçi kimi 1 illik müqavilə imzalanan, arxada qalan müddətdə heç kimin baş məşqçi kimi yada salmadığı gənc mütəxəssis Rüstəm Əliyev bundan sonra köməkçi məşqçi kimi “Şamaxı”da işləyəcək.
Biz də bu anlaşılmaz duruma aydınlıq gətirmək üçün onun özü ilə əlaqə saxladıq. Rüstəm bəy yeni qərara belə aydınlıq gətirdi:
“Yeni rəhbərlikdən zəng gəldi və müşahidə şurasının yeni rəhbəri Elçin Usubla görüşümüz oldu. Belə olacağını heç gözləməzdim.
Mənə təklifl oldu və müzakirə etdik. Açğı, belə təklif ediləcəyini gözləmirdim. Mənə də xoş oldu.
Qərar verməyi özümə buraxdılar. Nə istədiyimi soruşdular. Sağ olsunlar, məni dinlədilər. Aramızda heç bir problem olmadı.
Elçin müəllim şəxsən bildirdi ki, bu klubda çox zəhmətiniz olub, bizimlə yola davam etməyinizi istəyirik.
Bir sözlə, anlaşdıq və bu, həm mənim, həm də yeni rəhbərliyin ürəyincə oldu. İnşallah, komandamızın uğuru üçün əlimizdən nə gəlirsə, edəcəyik”.
XANOĞLAN / SPORTİNFO.AZ

