Günlərdi "Şamaxı"dakı yaşananalar ciddi tənqid olunur.
Niyə də olunmasın?
Bir klubun ki, çempionata 1 aydan az vaxt qaldığı halda nə rəhbərini tanıyan var, nə də baş məşqçisini.... Belə kluba nə desən azdır.
Hələ-hələ baş məşqçi məsələsində danışanda ümumiyyətlə, bilmirsən güləsən, yoxsa ağlayasan.
Rəsmi müqavilə Rüstəm Əliyevlə bağlanıb, amma komandanı məşqlərə Cavid Hüseynov çıxarır. Haqqlı olaraq da futbol ictimaiyyəti başverənləri ciddi tənqid edir.
Nəhayət, günlərlə davam edən təzyiq dalğasından sonra, deyəsən, klubdakıların səbr kasası doldu, dilə gələn, üzə düşən oldu. Ki, dünən axşam klubun sosial şəbəkə hesabından mətbuat üçün bildiriş paylaşıldı.
Axır ki, yeni rəhbərin kimliyi ictimaiyyətə elan olundu. İdarəetməsi bərbad olan klub bir məlumat postunda da iki yanlışa yol verməyi unutmadı. Əksi olsa, bu, "Şamaxı" olmazdı ki...
Əvvəla, paylaşımın giriş hissəsində "Son günlər Azərbaycan idman mediasında “Şamaxı" klubundakı rəhbər dəyişikliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və o cümlədən qismən haqlı narazılıq ifadə edilir" - deyə yazılıb.
Ay başınıza dönüm, niyə indiki şərtlər altında da özünüzə haqq verməyə çalışırsınız? Qismən nədi? Yəni nədəsə səhv irad bildiririk? Sizin düzünüz heç varmı?
Birmənalı olaraq bütün iradlar, tənqidlər 100% haqqlı və yerində edilib. Bir sözlə, qismən nə düzünüz var ki, qarşı tərəf də qismən haqqlı olsun...
Mətnin sonunda isə qeyd edilib ki, "yeni rəhbərlə bağlı bütün prosedurlar başa çatandan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək".
Bu, növbəti yalan və özü-özünü təkzibdir. Ay qardaş prosedurun başa çatmasını gözlədiyiniz halda necə olur ki, rəsmi baş məşqçi qıraqda qalıb, amma bir başqası komanda ilə hazırlıq keçir?
Hələ yeni oyunçularən dəvət edilməsi, lazım olmayan müqavilələrin ləğv edilməsi və.s, və.i. barədə demirəm.
Deyəsən, bu klubun işi-peşəsi yalan danışmaq, kütləyə yalan sırımaqdan ibarətdir. Marafon uzundur, bizi qarşıda nələr gözləyir Allah bilir...
XANOĞLAN İMANOV

