Premyer Liqa klublarımızın yeni mövsümə hazırlıqları davam edir.
Artıq “Kəpəz” və “Turan Tovuz” kimi liqanın köhnə-yeni sakinləri də yavaş-yavaş aktivləşməyə başlayıblar.
Hazırlıqlara start verilib, yeni transfer xəbərləri bir-birini əvəzləyir.
Amma eyni sözləri yalnız “Şamaxı” haqqında deyə bilmirik. Belə ki, hazırlığa hələ də start verə bilməyən, tam səssizlik rejiminə keçən yeganə klubumuz məhz bölgə komandasıdır.
Müşahidə Şurasının sədri Zaur Axundovun istefasından sonrakı qeyri-müəyyənlik davam edir. Bəs nə vaxta kimi?
Sualımıza cavab tapmaq üçün komandanın baş məşqçisi Rüstəm Əliyevə üz tutduq.
Gənc mütəxəssis də bizdən fərqli bir şey bilmədiyini dilə gətirdi və düşdükləri durumdan ürəkağrısı ilə danışdı:
"Zaur müəllimin istefasından sonra hər şey qeyri- müəyyənlik içindədir. Biz bilmirik ki, rəhbərimiz kim olacaq, bizdən nə istəyəcək.
Özbaşına transfer edə bilmərik. Cəmi iki müqavilə bağladığımız oyunçu var.
Düzdü, işə gedib- gəlirik, amma olan planlarımızı həyata keçirə bilmirik. Bütün hazırlıq proqramımız da alt-üst oldu.
Gərək futbolçuları toplayaq ki, hazırlığa başlaya bilək. 20-si başlamalı idik, ancaq qaldı". .
XANOĞLAN / SPORTİNFO.AZ

